Xatirələr

 


Xatirələr


Vaqif Səmədoğlu “Rəsul Rza marafonu”

Mən onun bu marafon yolunda hələ də gedib-gələn, kəsilməyən nəfəsini eşidirəm. Bəzən töyşüyür, hərdən tənginəfəs olur. Və mənə elə gəlməyə başlayır ki, indi, bu saat ölümcül yorğunluq onu üstələyəcək, Rəsul Rza dəf elədiyi bu əzablı, uzun yoldan çıxacaq, bir qocaman çinarın kölgəsində bardaş qurub oturacaq, daralmış nəfəsini dərəcək. Bəlkə səbət toxuya-toxuya başa vurmaq istədiyi bu sonsuz yola arabir nəzər salacaq? Bəlkə də birdən-birə özünə yazığı gələcək? Taleyinə acıyıb, özünü ağlamaqdan iradəsi hesabına saxlasa da, ala gözlərinə gəlib dolan yaşın qabağını ala bilməyəcək?

Yox, Rəsul Rza dayanmır, ayaq belə saxlamır, nə yoldan çıxır, nə sola, nə sağa donür. Elə hey gedir, gedir, gedir... Dünyaya gəldiyi gündənmi, dünyaya göz açdığı gündənmi, bu dünya dediyimiz yolda ayaq açdığı gündənmi? Haraya qədər, nə vaxta qədər? Finiş xətti ölümmü olmalıydı? Yox, belə olmadı, yanıldım, Rəsul Rza mənim onun barəsində olan bütün düşüncələrimi alt-üst elədi. Ölüm də onun bu müdhiş marafon yürüşünü kosə bilroədi. Bu yol Şair Taleyi adlanan bu məşəqqətli yol, nə zaman, haçaq sona yetəcək bu dünyada?

İlahi, çox sağ ol, vaxtına agah oldum, bunu hamıdan öncə o özü bilirmiş, özü görürmüş axı! Bilirmiş, görürmüş, bu yola ayaq basıb, bu dünyaya sarı üz tutub getməyə başlayanda. Anlamaq dərdi ilə yaşamış bir şair, bir alim əzəl başdan duyubmuş ki, getdiyi bu yolun mənzil başı, sonu Anlanmaq nöqtəsindədir. Və bu nöqtə, eyni zamanda Son və Əzəl, Şairin isə son həddən başlanacaq əsl şöhrəti uzaqda, çox uzaqlardadır. Və bu Uzaqda onu özü arzuladığı, həsrətində olduğu, maariflə, onun gücü və iradəsiylə Azadlığa qovuşmuş insanlar qarşılayacaq. Təmkinli, düşünülmüş, əbədi alqışlarla. Mən alqış səslərini, sədalarını eşidirəm. Və bəri başdan onlara qoşuluram, Şairin qiymətini və qədrini indidən bilsəm də. Ancaq tarix səhnəsində mən çox azam, onlar isə çoxdurlar. Mən xəstə, onlar isə sağlamdırlar...

...Son dəfə onu xəstəxanada gördüm deyəsən. İçib gəlmişdim yanına. Üz-gözündən öpdüm. Sərxoş dodaqlarım doymadı. Doyunca əllərini öpməyə başladım...

— Üzmə kişinin ürəyini! — əsəbiləşdi Anar.

— Dəymə, qoy Vaqif bala nə istəyir eləsin... — dedi Rəsul Rza.

O gün göy üzündən ağlayırdım. Camaat elə bilirdi ki, yağış yağır.

Dekabr yağmuru, konyak çiskini...

Ondan əvvəl 1968—ci ilin bir qızmar avqust günü, bir Buzovna bağı, bir Praqa şəhəri və bu şəhərin küçələrində bizim kövrək azadlıq diləklərimizi tırtılları ilə tapdayan rus—sovet tankları varıydı. Və bu ümidqıran, arzuboğan acı xəbəri "Spidola" tranzistorundan eşidən, qəzəbindən, gücsüzlüyündən dodaqlarını gəmirən Rəsul Rza. Ağlaya-ağlaya, bu ağır xəbərin yükündən beli əyilmiş, aram-aram öz bağ evinə sarı addımlayan Ənvər Məmmədxanlı. Ənvər əmi...

Ondan da əvvəl, bir qış şaxtasında, Moskvada, üzərinə yasaq qoyulmuş, lakin artıq bütün dünyada tanınan heykəltəraş Vadim Sidurun emalatxanasında idik. Bu böyük sənətkar, yenicə dünyasını dəyişmiş Nazira Hikmətin məzarüstü abidəsinin bir neçə, yüksək zövqlə işlənmiş layihələrini göstərdi bizə. Ancaq Rəsul əmi başını buladı:

— Pust budet prosto ploskaya plita. Na ney sledı ot dvux bosıx noq.

Nazim uşel...

Nazim Hikmətin məzarı o dediyi kimi yaşayır indi Moskvada.

Ondan da qabaq Rəsul Rzanın əllərini görürəm. Diqqətlə, həyəcanla barmaqlarma baxırara. Mənim ilk şerlərimdən yeddisini araşdırır, baxır. Və deyir:

— Vaqif bala, sən Səmədin oğlusan, bu şerlər çap olunsa sənə də, mənə də nadanların hücumu başlanacaq, bunu bilirsən?

Xeyir-dua yazıb, həmin şerləri "Azərbaycan" jurnalında çap elətdirdi. Nadan hücumlarının qabağında da özü dayandı, mənim üçün arxasında sanki atəştutmaz bir meydan yaradıb. Və mən bu günə qədər, zaman, siyasi-ictimai iqlim dəyişsə də, məhz o qoruyan sahədə yaşayıram yazdıqlarımla baş-başa verib... Çox sağol, Rəsul əmi!

... Ensiklopediya. Bu elmi idarə, elmi fabrik Rəsul Rzaya, şairə lazım idimi? Su kimi, hava kimi. Azərbaycan torpağının havasını udmuş, suyunu içmiş bir övlad kimi. Şerlə bir çox mətləbləri demək olmur. Xüsusilə də özünü insanlığa borclu sananda, onları istədiyin kimi görə bilməyində. Ensiklopediya Rəsul Rzaya Azərbaycana Azərbaycanın tanıtdırmaq üçün, azəri türkünü Azərbaycan səviyyəsinə qaldırmaq üçün lazım idi. Dünyanın nəzərini Azərbaycana yönəltmək istəyirdi Şair. Gələcək naminə, Bu gün uğrunda. O istədiyi kimi olmadı...

— Amerikada, Avropada, Türkiyədə yaşamış, yaşayan bizim sənətkarları, alimləri axtarın, tapın, məqalələr hazırlayın. Qorxmayın, mən buradayam...

Belə deyirdi mərhum Araz Dadaşzadəyə, mənə, başqalarına.

— Vaqif bala, biz indi şer yazmaya da bilərik. Əsas işimiz bu olmalıdır. Bu bir şair kimi mənə də, sənə də, İsa İsmayılzadəyə də, Ələkbər Salahzadəyə də, Fikrət Sadığa da nə qədər ağır olsa da. Biz bu işi görməliyik, bəlkə də bu yolda şair kimi özümüzü qurban verməliyik...

Baş Redaktor kimi, doğrudan da, çox tələbkar idi. Xüsusilə redaksiya müdirlərinə. Əsasən də üçünə qarşı; Suğra Məmmədxanlıya, Araz Dadaşzadəyə və mənə. Biri doğma bacısı, o birilər isə qələm yoldaşları akademik Məmməd Arifin və Səməd Vurğunun oğulları. Başqalarına ibrət olsun deyə. Ancaq hərdən...
— Vaqif bala, əruz yazırsan?
— Bəzəıij teatr tamaşalarma, kinoya.
— Əruzdan ötrü burnumun ucu göynəyir axır vaxtlar. Beş-on qəzol yazmaq istəyirəm...

Ensiklopediya sən istədiyin kimi çıxmadı, ay Rəsul əmi, amma o qəzəllər Sənin olacaqdı axı. Bilmirəm, vallah bilmirəm, nə deyim...

O gün idarədən bir yerdə çıxdıq. Maşına mindik. Mən evimin qabağında maşından çıxana kimi bir kəlmə də danışmadı, adətən, mübahisə edib, nəyisə aydınlaşdırmaq üçün sonsuz problemlər tapan böyük polemist Rəsul Rza. Mənə elə gəldi ki, öz evinə çatanacan o, şoferi ilə də söhbət eləməyib. Maşından düşəndə, sadəcə olaraq, əlini cibinə salıb benzin pulu verib ona. Pulu saymadan...

Rəsul Rzanın 90 yaşı tamam olur bu il. Minillik Azərbaycan poeziyasının ən Anlanmamış Şairinin! Xalqına, Torpağına uzatdığı əli hələ de havada qalmış, bu yurdun ən Mütəfəkkir Şairinin 90 yaşı. Bu əl gödək deyil, o uzadı qalmış ələ çatmayan bizim əllərimizdir. Bunu etiraf etməsəm öz qələmimi yerə qoyasıyam... Ancaq men o günü görürəm: bu əllər qovuşacaq günü. And olsun Allaha... Haçaq? Rəsul Rza marafonu sona yetəndə. Orda bu Böyük Şairi və əsrimizin ən maraqlı, parlaq insanlarından birini onun özü arzuladığı və aydın gördüyü bir Azərbaycan gözləyir. Azad düşüncəli, maariflənmiş, savadlı, güclü, dözümlü və həzin bir Vətən...

22 yanvar, 2000.

Bakı.

"Azadlıq" qəzeti, 2 2fevral, 2000.

 

 
     
 

Layihənin iştirakçıları