Xatirələr

 


Vida sözləri


İlyas Əfəndiyev. "Təskinliyimiz"

Rəsul Rza vəfat etdi. Bu xəbərə inanmaq, alışmaq çox çətindir.

Mən Rəsul Rza barədə düşünürəm, onun işıqlı simasını gözümün qarşısına gətirirəm və təskinliyi onda tapıram ki, Rəsul Rzanın güclü istedalı bütün ömrü boyu eyni qüvvətlə, eyni təravətlə yaşayıb yaratdı. O, sözün əsl mənasında novator şairdir və onun yaradıcılığı sovet mədəniyyətinin zirvələrindən olmaqla bərabər, Azərbaycan xalqının böyük milli koloritilə, milli poeziyamızın ən yaxşı ənənələri ilə son dərəcədə sıx sürətdə bağlıdır. Novatorluq onun rəngarəng, insani poeziyasının canında, ruhundadır, insanlarla, təbiətlə sənətkar münasibətindədir. O, ürəklərə yol tapan gözəl bir lirik olmaqla bərabər, sərt poeziyanın da yaradıcısıdır. O, meşşan psixolojisini, cəmiyyətə, ictimai həyata saxta münasibəti sərrast nişan almağı poeziyanın müqəddəs vəzifələrindən hesab edilir.

Mən təskinliyi onda tapıram ki, Azərbaycan sovet poeziyasının yüksəlişinde, şerimizin zənginləşməsində, saflaşmasında Rəsul Rza yaradıcılığının tarixi xidməti vardır. Onun poeziyası hər cür sadəlövh fəlsəfəçiliyə, saxta xəlqiliyə, ucuz heyranlığa zidd olan, həyatın real hadisələrindən doğub mərdanə romantika ilə uzaq üfüqlərə qanadlanan poeziyadır.

Mən Rəsul Rza haqqında indiki zamanda danışırım, çünki başqa cür mümkün deyil.

Rəsul Rza yaşayır.

Rəsul Rza həmişə yaşayacaq.

Nə qədər ki, dilimiz yaşayır, nə qədər ki, poeziyaya mənəvi ehtiyacımız var, Rəsul Rza da bizimlə olacaq.

 

 
     
 

Layihənin iştirakçıları