Ümumitifaq radiosuyla R. Rzanın 70 illiyinə həsr olunmuş verilişdə çıxış.

 

Xatirələr

 


Vida sözləri


Abbas Zamanov “Mən sənə “Əlvida” demirəm”

Dost ölümü ağır olur. Etiraf edirəm ki, dəfələrlə eşitdiyim və oxuduğum bu ifadənin gücünü mən Rəsul Rzanın ölüm xəbərini qəflətən eşitdikdə tam duya bildim. Bu acı xəbər məni elə sarsıtdı ki, yerimdə donub qaldım, bir neçə dəqiqə özümə gələ bilmədim.

Rəsulun dəfinindən keçən ağır günlər göstərir ki, bu sarsıntılı hisslər şairin yaxın dostları və pərəstişkarları kimi, məni də uzun müddət tərk etməyəcəkdir. Axı, bizim Rəsul ilə dostluğumuzun yarım əsrlik yaşı vardır. Özü də necə dostluq. Əməldaş, dərddaş, sirdaş, qardaş! Məqalələrinin birində Rəsul yazmışdır ki, mənim Cəfər Cəfərov və Abbas Zamanov ilə dostluğum 1942-ci ildə Kerçdə, müharibənin odlu-alovlu günlərində sınaqdan çıxıb bərkimişdir.

Bir-birini sürətlə əvəz edib keçən illərdən bizim dostluğumuza bir ləkə belə düşməmişdir.

Rəsul Rza xalqın ağlının, şüurunun, fəlsəfəsinin, milli varlığının təcəssümü olan çağdaş şerimizin ən yüksək dağ zirvələrindən biridir. Yadımdadır, 1941 -ci ilin avqust günlərinin birində Bakıda antifaşist mitinq keçirildi. Mitinqdə Rəsulun da gur səsi eşidildi. O, çıxışının sonunda "bir qıy vurram, göydə uçan quba-qazlar qanad salar" misralı şerini də oxudu. Rəsul kürsüdən düşəndə Səməd Vurğun ona yanaşıb dedi;— Ay Rəsul, afərin sənə, bu misranı yaman deyibsən, bu misra bir şair yaradıcılığına bərabərdi!

Bele misralar, belə beytlər Rəsulun yaradıcılığında bir deyil, beş deyil, on deyil, yüzlərlədir. Rəsul zərbül-məsəllərə çevrilən şah misralar, şah beytlər, hərəsi bir dastana bənzər müdrik şerlər, geniş epik lövhələr şairidir. Rəsul heç kəsə oxşamır. Poeziyamızın tarixində onun öz dəst-xətti, öz səsi, istedadlı şairlər nəsli tərbiyə edib yetişdirən ədəbi məktəbi vardır.

Qardaş tatar xalqının əfsanəvi oğlu Musa Cəlil demişdir: Elə yaşa ki, öləndən sonra ölmə!

Rəsul Rza zəmanəmizin öləndən sonra ölməyən şairidir. Rəsul dünən, bu gün olduğu kimi, "yarın da mübarizələrin ən ön sıralarında" dayanacaqdır.

Rəsul, qardaşım! Mən sənə "əlvida" demirəm. Çünki sən bizimlə də, bizdən sonrakılarda da çiyin-çiyinə yaşayacaq, insani səadəti, insan ləyaqəti uğrundakı döyüşlərini davam etdirəcəksən.

 

 
     
 

Layihənin iştirakçıları