Xatirələr

 


Vida sözləri


Xəlil Rza “Bu dünyadan Rəsul keçdi”

Böyük xalq şairimiz Rəsul Rzanın—bu gündən belə, artıq isti bir xatirəyə çevrilən əziz, doğma, unudulmaz bir insanın vəfatı xəbərini eşidəndə ürəyimi, beynimi xırpalayan acı, sarsıdıcı kədərin mənasını dərk etməyə çalışdım. Nə qədər gözlənilməz olsa da, bu kədər mənə tanış gəldi. Bu kədəri biz haçan keçirmişik? Bəlkə böyük bəstəkarımız Üzeyir bəyi itirəndə, bəlkə Məmməd Səid Ordubadi, Ələskər Ələkbərov, Səməd Vurğun və Bülbül kimi nadir sənətkarlarımız ilə vidalaşanda. Yaşca onlardan azca fərqli olsa da, Rəsul Rza həmin nəslə, həmin qvardiyaya mənsub sənətkarlardan idi. Bu nəslin ən parlaq nümayəndələrini əslində dünənimiz ilə bu günümüz arasında mənəvi körpü adlandırmalıyıq. İki dünyanın ayrıcında yetişmiş, iki dünya, dünya müharibəsi görmüş bu nəslin sıraları getdikcə seyrəlir. Rəsul Rza haqqında bu vida nəğməsini ötmək istərkən hansı zaman məsafəsinə qədərsə ondan bir az irəlidə, ön sırada addımlamış Cəfər Cabbarlını, Mikayıl Müşfıqi, Cabbar Qaryağdı oğlunu, Xan Şuşinskini, bu kimi onlarca nadir mədəniyyət xadimlərimizi xatırlamaya bilmirəm. Nədir bunun səbəbi? Bəlkə odur ki, bu cür əvəzsiz yaradıcılarımız "Azərbaycan sovet mədəniyyəti" adlanan anlayışın tam parlaqlığı və əzəməti ilə üzə çıxması üçün əllərindən gələni etmişlər, təbiətin verdiyi fıkri istedad ilə birlikdə gündəlik zəhmət sayəsində başa gələn ürək və zəka enerjilərini son damlasınadək xalqa, yurda sərf etmişlər, kül oluncayadək alovlanmışlar.

Hər hansı böyük yaradıcının vəfatından sonra, məncə, meydanda iki əsəri qalır: şəxsiyyəti, bir də yaradıcılığı! Rəsul Rza həm parlaq şəxsiyyəti, həm də böyük poeziyası ilə Azərbaycan sovet mədəniyyəti tarixində tamamilə orijinal bir hadisədir. Əslində onun bənzərsiz yaradıcılığı, son dərəcə zəngin poeziyası da böyük şəxsiyyətinin davamıdır. Mən qəsdən keçmiş zaman feli ilə deyil, məhz indiki zaman kateqoriyası ilə danışıram. Çünki Rəsul Rza poeziyası ölməzdir, azı min illik Azərbaycan şeri tarixində ən nadir hadisələrdən biridir. Bəlkə bunun bir səbəbi odur ki, Rəsul Rza yaradıcılığının hər yeni mərhələsində, özündə nəyisə qoruyub saxlayan, nəyisə rədd edən, dialektik sıçrayışlar yolu ilə irəliləyən sənətkar olmuşdur, Rəsul Rza yalnız başqaları ilə deyil, həm də özünü ötüb keçmək uğrunda çarpışmalarda kamilləşən yaradıcıdır.

Yazıları isti şitillikdə süni yolla yetişdirilən tərəvəzə bənzəyən qələm sahibləri ilə müqayisə etmədikdə belə Rəsul Rza poeziyasının təbiiliyi, qaynarlığı, bənzərsizliyi apaydın görünür. Bəzi şairlərin mahirliyini nümayiş etdirmək üçün bir bəndini, yaxud beytini misal gətirməklə ürəyini soyudursan. Rəsul Rza sənətkarlığından danışanda isə bir, iki beyti, bəndi yox, şeri, hətta mümkün olsa poeziyanı bütünlüklə misal gətirmək istəyirsən. Bunun başlıca səbəbi odur ki, Rəsul poeziyasının gücü yalnız özünəxas, gözlənilməz bənzətmə və məcazlarında deyil, bundan daha çox şerin bütövlüyündə, mahiyyətində və daha dərin qatlarındadır. Ölümə qarşı yazılmış "Həyat düşüncələri" şerini yada salıram; "Günlərin damlasından dolacaq ömür gölü. Necə uzaqda olsa gələcək bir gün ölüm". "Doğrudur, hər dəqiqə yaxınlaşdırıb məni sənə bir xəncər boyu, ancaq ki, mən də səni azca gözlətməmişəm". Rəsul Rza aydın şəkildə dərk edir və oxucularına bildirir ki, insana hər gün "bir xəncər boyu yaxınlaşan" ölümə qarşı ən etibarlı, ən kəskin yaraq—mənalı zəhmətdir. .. .

Dupduru, aydın, mavi gözləri onu tanınyanların heç vaxt yadından çıxmayacaq. Nəyə bənzəyirdi bu gözlər? Doğma Göyçaya, yoxsa Göy gölə. Demək çətindir. Lakin bütövlükdə Rəsul Rza onu yetirən Azərbaycan torpağına bənzəyirdi. Bu torpağın nadir möcüzələrinden biri idi. Gözləri nə üçün bunca unudulmaz, hələ də bunca nüfuzedicidir? Çünki bu gözlər böyük idrak işığı ilə dolu idi, tarix axarının ön cərgəsində addımlayan ictimai tərəqqi və xalq səadəti uğrunda mübarizədə öz yerini bir dəfəlik müəyyənləşdirmiş qəhrəmanlar sırasında addımlayan mərd, mubariz, xeyirxah və nəcib bir insanın tükü tükdən seçən, həqiqəti aydın görən sənətkar gözləri idi. Rəsul Rzanın şair gözlərinin itiliyinə, müşahidə zənginliyinə, hadisə və insanların tarix kəsimlərinin yalnız zahirini yox, həm də və ən başlıcası, batinini, mahiyyətini görmək bacarığına heyran qalmamaq çətindir. Hərəkətdə olan suyu icim görməyib? Lakin onu şair kimi görənlər heç də çox deyil. "Dərələrin başından, qayaların qaşından çağlayıb axarı sular! Daşdan-daşa tökülüb, hey qıvrılıb bükülüb, qıjıldayan xan sular! Sızqovlar, süzüntülər bir-birinə qatıla-qatıla, oynaya-oynaya, atıla-atıla, dərələrin çalovundan keçib, qızmar günəşin alovundan içib yığılıb, birikir, nəhr olursunuz. Axırsınız... bu sahildən o sahilə ləngər vura-vura".

Ölüm qorxuludurmu? Kəm, naqis və səliqəsiz yaşayanlar üçün əlbəttə, qorxuludur. Mərd ve gözəl yaşayanlar, zəhmətinin və istedadının qüdrətini, zəka cövhərini ülvi bir amala həsr edənlər üçün isə ölüm o qədər də qorxulu deyil, bəlkə qaynar və mənalı bir ömrün yekunudur. Buna görə bu gün biz Rəsul Rzanın çox sevdiyi və dönə-dönə vəsf etdiyi əlvan çiçəklərə qərq olmuş tabutu başında kədərlə birlikdə qürur hissi keçiririk, ömrü onun kimi yaşayıb gözəl başa vurmaq haqqında düşünürük. Qəribədir, Rəsul Rzanın vəfatı 1981-ci ilin 1 aprel gününə təsadüf etdi. Bu gün biz aldığımız, eşitdiyimiz xəbərlərin, sözlərin bir çoxuna inanmırıq, aldanmaq istəmirik. Rəsul Rzanın yalnız cismən öldüyünə inanırıq: onun mənəvi ömrünə, xalq yaddaşında yaşayacaq böyük, parlaq şəxsiyyətinin, meğrur, möhtəşəm, kişi poeziyasının Ölümsüzlüyünə inananlar isə heç vaxt aldanmayacaqlar.

"Azərbaycan müəllimi", 8 aprel, 1981

 

 
     
 

Layihənin iştirakçıları