RƏSUL
RZA
NİGAR RƏFİBƏYLİ
( foto- kitab)
|
Gündəlikdən səhifələr |
Nigar Rəfibəyli
İnsan yaşa dolduqca xatirələr
aləmində yaşamağa başlayır, irəlidən
çox geriyə baxır, keçən ömrün
uzaq səhifələrini gözdən keçirir.
Otuz üç il bərabər ömür sürdüyüm
Rəsul Rza ilə keçən günlərimizi
vərəqlərkən aydın bir həqiqət
cəlb edir: bütün ağır və yüngül,
sevincli və sevincsiz, kədərli və bayramlı
keçən bir qəmimiz olmamışdır. Xalq
həyatı ilə yaşamış, onunla nəfəs
almış, ən ağır günlərdə
xalqın dərdinə şərik olmuşuq, xalqın
həyəcan və arzuları ilə yaşamışıq.
Nigar Rəfibəyli
“Rəsulun məktubları”. “Ulduz” jurnalı. 1970
Rəsula aid olan heç bir şeyə
toxuna bilmirəm , onun əynindən çıxartdığı
paltarları hələ stulun üstündə qalıb.
Onları yığışdıra bilmirəm.
Küçəyə qaçmaq, küçənin
gurultusu içərisində bir dəqiqə qəlbimin
səsini eşitməmək istəyirəm. Mən
hələ ağlamamışam. Bu, mənimçün
böyük qəhrəmanlıqdır. Ancaq bu tökmədiyim
göz yaşlarının mənə baha oturduğunu
yalnız mən duya bilərəm.
24 yanvar 1942
Bu gün səhər güzgüyə
baxdım, rəngim ölü kimi idi. Rəsuldan
bir xəbər olsaydı...Axşam yerimin içində
bir az sakit-sakit ağladım, heç kəs görmədi.
Bu sakit göz yaşları yanan qəlbimi bir az
sərinləşdirdi.
27 yanvar 1942
Şer yazmaq istəyirəm. Dünən
gecə başladım. Bu gün davam etdirəcəyəm.
Rəsuldan heç bir xəbər yoxdur. Mənim
fantaziyam çox pis şeylər yaradır. İmkanım
olsa, bu saat mən də vaqona minib gedərəm.
Bu ağrıya dözmək çətindir. Qəlbim
yanır...yanır.
28 yanvar 1942
Nigar Rəfibəyli
1942-ci ilin mart ayı idi. Alman faşistləri
Krımda hücuma keçmişdilər. Sovet qoşunları
geri çəkilirdi. Sovet məlumat bürosunun xəbərlərini
ürək döyüntüsü ilə dinləyirdik.
Həmin günlərdə mən başıalovlu
evdən çıxıb birbaşa Yazıçılar
İttifaqına gəldim. İttifaqın Birinci
katibi Səməd Vurğunun yanına qalxdım.
Səməd iş otağında tək idi.
Səməd, mən cəbhəyə
getmək istəyirəm, - dedim- Mərkəzi Komitədə
danış, məni hərbi müxbir kimi göndərsinlər.
Burada qala bilmirəm.
Səməd Vurğun həssas adam idi.
Əhvalımı görüb başa düşdü,
vəziyyətdən zarafatla çıxmaq istədi.
Üzünü mənə tutub tamamilə ciddi
ahənglə dedi:
- Mən iki batalyonu hardan alım səni
cəbhəyə yola salsın, bilirsən, indi Krımda
kurort-murort yoxdur. Get şerini yaz, uşağını
saxla.
Mənim etirazlarım kömək eləmədi.
Mən narazı halda çıxıb
gedəndə o, hərbi adam kimi dilləndi:
- Axşam pedaqoji institutda şer gecəsi
olacaq, ora gələrsən. Saat 7-də, yadından
çıxmasın.
Nigar Rəfibəyli