RƏSUL
RZA
NİGAR RƏFİBƏYLİ
( foto- kitab)
|
Səni
sevdirən nədir? |
Mən hiss etdim ki, səni sevdiyim bu və
ya digər məziyyətlərinə görə
deyil, ona görədir ki, sən yeni həyat, yeni
insan, yeni sənət uğrunda mübarizənizdə
çox zaman bizə bir nümunə, bir arxa, bir köməksən.
Deyirlər ki, istedadın gözəl keyfiyyətlərindən
biri onun böyük və faydalı işə xidmət
etməsi, onun cazibə qüvvəsi, başqaları
üçün örnək ola bilməsidir. Mən
xoşbəxtəm ki, dostum Rəsul Rzanın şair
qəlbi, məğrur təbiəti məhz belə
cazibəli və təsirlidir.
Tofiq Quliyev
R.Rza şerinin ən gözəl məziyyəti
onun dərin insani mündəricəsindədir,
müasirlərimizin coşğun aydın hissləri
ilə, gərgin fikir və düşüncələri
ilə aşılanmasındadır. Onun poeziyasının
qəhrəmanı müasir dünyanın həyəcanları,
qayğı və ehtiyacları ilə yaşayır.
Məhz buna görə o, daim narahatdır, qəlbi
daim çırpınır...Bu narahatlığın,
bu dərin insani həyəcanın səbəbi
odur ki, R.Rzanın lirik qəhrəmanı heç
vaxt özünü böyük dünyadan ayırmır.
O, torpaqla, insanla vəhdətdədir. Buna görə
onun özü barədə “Mən torpağam, mən
küləyəm, buludam, işığam, baharam”
deməsi tamamilə təbii və poetikdir. Milli
varlıqla, xalq həyatı ilə möhkəm
bağlılıq R.Rzanın bütün əsərlərinin
mühüm xüsusiyyətidir.
Səttar Bəhlulzadə
“Arazın o tayında” filmi çəkilərkən
R.Rza, Ə.Məmmədxanlı, M.Dadaşov və
mən Ərdəbilə, Şeyx Səfi məqbərəsini
ziyarətə getmişdik. R.Rza məqbərədəki
ornamentlərə tamaşa edib mənə məsləhət
gördü ki, onlardan bəzilərinin üzünü
köçürüb istifadə edim. O, musiqi ilə,
rəngkarlıqla, tarixi abidələrlə çox
maraqlanırdı. İstedadlı şairimizə,
sevimli dostumuza həmişə sonsuz məhəbbətim
olub. Moskva heykəltaraşı B.İ.Düjevdən
R.Rzanın tuncdan hazırladığı büstünü
alıb İncəsənət muzeyinin fonduna daxil
etmişdik. R.Rzanın yaradıcılığı
yalnız şer sahəsində çalışanlara
deyil, bütün sənət adamlarına faydalı
örnəkdir.
Kazım Kazımzadə
Rəsul Rzanın bir dramaturq kimi teatrımıza
gəlişi çox sevindirici oldu. Elə ilk gündən
o, teatrın kollektivi ilə yaradıcılıq
ünsiyyəti yaratdı. Görkəmli rejissor
A.İsgəndərov əsərin baş qəhrəmanı
Vəfanı mənə tapşıranda, doğrusu
özümdə daxili bir narahatlıq duydum. Lakin
bu, uzun sürmədi. Məşqlər üzərində
iş çox ciddi, hətta həyacanlı gedirdi.
Mən hiss edirdim ki, teatrımızın bütün
kollektivi kimi Rəsul Rzanı da tamaşanın təsir
gücü maraqlandırır. Dövr çox ağır
idi, neçə -neçə igid oğul və qızlarımız
cəbhədə düşmənə qarşı
vuruşurdu, arxa cəbhədə də xalqımız
igidlik göstərirdi. Tamaşanı hazırlayarkən
çalışırdıq ki, xalqın qələbəyə
inamını daha da artıraq, tamaşaçılara
belə bir fikir təlqin edək ki, biz haqq işi
uğrunda vuruşuruq, xalqımız dəyanətli
və qeyrətlidir, qələbə uzaq deyil...”Vəfa”
tamaşasında əsas məqsəd yerinə yetirildi.
Sevimli şairimiz Rəsul Rzanın “Vəfa” pyesinin
tamaşası teatrımızın ideya-bədii
inkişafında öz rolunu oynadı. Burada müharibə
dövrünün qəhrəmanlıqla dolu hadisələri
konkret əksini tapmışdı, müharibə
illərində yaranan yeni qəhrəmanların
xarakterik xüsusiyyətləri təsvir olunmuşdu.
Hökumə Qurbanova
Rəsul Rza, Leyla Bədirbəyli, Vladimir Qafarov Moskvada
Vəfa, sədaqət, səmimiyyət,
gözəllik şairin şerlərinin əsasını
təşkil edir. Şair gözəl saydığı
hər şeyi həyatla, təbiətlə bağlayır.
Şübhəsiz ki, bütün bu keyfiyyətlər
Rəsul Rzanın şəxsi əhval-ruhiyyəsindən
gələn cəhətlərdir. Poeziya gözəllikdir.
Gözəllik aşiqi qəlbən də gözəl
olur.
Leyla Bədirbəyli
Rəsul Rza Azərbaycan sovet şerinin
yaradıcılarından, bütün ağırlıq
və çətinliklərə dözüb bu poeziyanın
inkişafı üçün yorulmadan axtarışlar
aparan sənətkarlarımızdandır. Rəsulun
yaradıcılığı mənə dənizi
xatırladır. Bəzən mülayim, öz oynaq
ləpələrini qızıl qumlar üzərinə
uçuran dənizi. Bəzən coşub-daşan,
qüdrətli və qəzəbli dalğaları
ilə sahil qayıqlarına meydan oxuyan, hayqırıb
kükrəyən dənizi. Kim bilir, bəlkə
özünün dənizə bənzər təbiətindəndir
ki, şair dəniz haqqında – gözəl Xəzərimiz
haqqında şer silsiləsi yaratmış və
bu şerlərdə biz onun özünü, sözlərini,
təbiətini dənizlə həmahəng görürük.
Kökü Vətən torpağından güc
alan, budaqları dünyamızın, zəmanəmizin
milyonlarla insanlarını düşündürən
hadisələr yarpaqları ilə pöhrələnən
R.Rza poeziyası sözün əsl mənasında
humanist bir poeziyadır. Elə buna görədir
ki, məndən Rəsul Rza haqqında iki kəlmə
ürək sözü eşitmək istəyənlərə
deyirəm: - Mən Rəsulun poeziyasını sevirəm.
Balaş Azəroğlu
Təbrizdə həyatın belə qaynar
vaxtında Azərbaycanın kino naziri, şair Rəsul
Rza Təbrizə gəldi. Hörmətli naziri Milli
hökumətin vəzirləri, mədəniyyət
və ədəbiyyat xadimləri qarşıladılar.
Sabahısı gün onunla görüş Gülüstan
bağının mədəniyyət salonunda oldu.
Görüşü qocaman şair Səffət
açdı. Sonra söz Rəsul Rzaya verildi. O, Azərbaycanın
fəxri Təbriz şəhərini görmək
arzusundan və bu gəlişindən necə məmnun
olduğunu söyləyib axırda dedi: “Mənim
buraya gəlişimdə məqsəd tarixdə
ad qoymuş bu şəhərin və cənublu
qardaşlarımızın bugünkü həyatından
sənədli film çəkməkdir”. Rəsul Rza
Təbrizə bu gəlişi ilə Cənubi Azərbaycanın
tarixində həmişə yaşayacaq “Arazın
o tayında” kimi sənədli və tarixi bir əsər
yadigar verdi. İndi təbrizlilər o günləri
xatırlayanda tufanlı günlərdən qoruyub
saxladıqları “Arazın o tayında” filminə
baxır və deyirlər: Nə yaxşı ki,
bu film yadigar qaldı...Allah sənə rəhmət
eləsin, böyük şair Rəsul Rza...
Balaş Azəroğlu
Rəsul Rza və Toğrul Nərimanbəyov Göçyayda
Son zamanlar onun şerlərini oxuyanda özümdə
sanki mənəvi aclıq hiss edirəm. Müasirlik,
dərin obrazlılıq, Azərbaycan poeziyasının
qabaqcıl ənənələrini yaşatmaq meyli
Rəsulun şerlərinin ən yaxşı xüsusiyyətləridir...Rəsul
haradan, nədən yazırsa yazsın, ilk sətirlərini
oxuyan kimi duyursan ki, o, Azərbaycan şairidir, bu
torpağın oğludur. Bu yeri havası ilə
nəfəs alır. Öz milli zəmini üzərində
yüksəlmək – sənətkar üçün
bundan da böyük xoşbəxtlik olarmı?
Toğrul Nərimanbəyov
Rəsul qələmindən savayı
ümumiyyətlə istedadlı bir şəxs və
bir fərd idi. Belə bir şəxsiyyətin işi,
əməyi hər bir vaxt göz qabağında
olub. Ona Dövlət, partiya nə tapşırırdısa
– məsul vəzifə, rəhbərlik, başçılıq...-
0, həmin işin öhdəsindən məharət
və bacarıqla gələrdi...Rəsul Rza həyatda,
məişətdə, ailədə, yoldaşlıqda,
səfərdə, eləcə də istər ölkəmizdə,
istərsə də onun sərhədlərindən
çox-çox uzaqlarda hər bir vaxt olduğu kimi
qalar və dəyişməzdi. Bu fikri, mən deyərdim,
bütün onu yaxından tanıyanlar təsdiq
edər. O, xarakteri etibarilə heç vaxt dəyişməzdi.
Mikayıl Abdullayev
Danış mənə Rəsul Rza necədir?
Yeni şerimizin bayraqdarından?
Azəri şerimiz yüksəlməlidir!
O, bunu düşünmür gənc yaşlarından.
Səhənd
1944-cü ildə “Arşın mal alan”
filminin çəkilişində R.Rza nəinki bir
inzibati rəhbər, həmçinin filmin bədii
rəhbəri kimi bizə yaxından köməklik
göstərirdi. Filmin rejissoru R.Təhmasib həmişə
deyərdi: “Rəsul məndən nə qədər
cavan olsa da, ağılda, bilikdə, kollektivə
rəhbərlik etməkdə çox püxtələşmiş
şəxsiyyətdir”. Heç yadımdan çıxmaz,
1967-ci ildə Moskvada keçirilən Azərbaycan
SSR mədəniyyət günlərinin birində
nümayəndə heyəti “Mosfilm” kinostudiyasına
dəvət olunmuşdu...Səhnəyə bizim
köhnə dostumuz Q.Aleksandrov qalxdı, o belə
dedi: “Mən yaşıma və təcrübəmə
görə çox rəhbərlər görmüşəm,
çoxlarının rəhbərliyi altında da
işləmişəm, amma kino sahəsində bacarıqlı,
mükəmməl yaradıcı rəhbər məhz
R.Rzanı tanıyıram. Çox xoşbəxtəm
ki, 1943-cü ildə R.Rzanın rəhbərliyi
altında Bakı kinostudiyasında işləmişəm.
O, günləri həyatımın ən xoşbəxt
günləri sayıram. Mən bu gün R.Rzanın
qarşısında baş əyir və ona öz
minnətdarlığımı bildirirəm”. Məlum
olduğu kimi, mən kinoya operator kimi gəlmişəm.
Bu gün istər bədii, istərsə də sənədli
rejissorluğa keçməyimin səbəbkarı
məhz R.Rzadır.
Muxtar Dadaşov
Ümumiyyətlə, onun fəaliyyət
dairəsi genişdir və zənnimcə, başlıcası
odur ki, Rəsul harda işləyirsə işləsin,
özündən sonra bir iz qoyur. Obrazlı desək,
o, gedəndən sonra həmişə yeri görünür.
Özü gedəndən sonra həmişə yeri
görünən bir adam haqqında onun gözəl
bir şeri də var.
İmran Qasımov
Rəsul Rzanın şerləri bəzən
son dərəcə incə, həssas, zərif,
bəzən də amansız dərəcədə
sərtdir. O, yalnız həyat hadisələrini
deyil, rənglərin, səslərin, işığın,
suyun, dalğaların ifadə etdiyi sevinci, kədəri
duymağı və onları duyğular, düşüncələr,
xəyallar və xatirələrlə bağlamağa
çalışır.
Əhməd Cəmil
Rəsul Rza...sübut edti ki, sərbəst
şer Azərbaycan poeziyasından qanunauyğun bir
hadisədir, onun xüsusiyyətlərindən məharət
və sənətkarlıqla istifadə edildikdə
yüksək bədii nəticələrə nail
olmaq mümkündür.
Məmməd Cəfər
Kərkükdə yaşayan azərbaycanlıları
bizə Rəsul Rza tanıdıb. Böyük Nəsiminin
qəbrini tapıb ora xalqımızın adından
ilk gül dəstəsini qoyan da Rəsul Rza olmuşdur.
Onun “Uzaq ellərin yaxın töhfələri”,
“Cahana sığmayan şairin qəribə məzarı”
məqalələrini həyəcansız oxumaq olmur.
Mirzağa Quluzadə
Hələbə çatan günün
ertəsi, səhər Sovet Azərbaycanının
mədəniyyət xadimlərini şəhərin
mühafizi (qubernatoru) qəbul etdi. Rəsmi görüş
zamanı xalq şairi Rəsul Rza Nəsimi haqqında
soruşdu. Məlum oldu ki, Nəsiminin qəbri şəhərin
mərkəzi küçələrindən birindədir
və Hələbdə Nəsimi nəslindən
olan şəxslər yaşayır. Bu xoş xəbər
bizi təsirləndirdi. Qərara gəldik ki, hazırlıq
görüb böyük şairin qəbrini ziyarət
edək.
Mürsəl Nəcəfov
Əziz Rəsul! Keçən həftə
mən Hələbdə Nəsiminin qəbri üstünə
getmişdim və orada bu gözəl şairin məzarına
Sizin qoyduğunuz əklili gördüm. Nəsimi
nəslindən olan şeyx həm əklili, həm
də Sizin ora gəlişiniz haqqında söhbətləri
ən əziz bir xatirə kimi hifz eləyir. Bunu
Sizə böyük fərəh hissiylə çatdırıram.
Çünki sələflər haqqında xoş
xatirə xələflər haqqında xatirələri
də möhkəmləndirir. Teymurləngin Azərbaycana
hücumu haqqında romanımın bir neçə
səhifəsini həsr etdiyim şairin türbəsi
önündə Sizin adınızla bax beləcə
rastlaşdım. Ən xoş arzularımla
Sergey Borodin
Bağdad, 16 iyun, 1972
Rəsul poeziyasında Nazimdən gələn
fəlsəfi bir duz, Nəsimidən gələn
qeyrət, Füzulidən gələn insani sevgi,
Sabirdən gələn öldürücü gülüş
və nifrət vardır. Rəsul Rza poeziyasında
Vaqif şuxluğu, Vidadi kədəri, Hadi narahatlığı
vardır. Rəsul Rza klassik poeziyamızın gözəl
ənənələrini davam və inkişaf etdirən
əməlpərvər söz ustasıdır. Rəsul
Rza bugünkü poeziyamızın canlı klassikidir.
Abbas Zamanov
Son zamanlarda əlimizə gəlib çatan
məlumatlardan aydın olur ki, Rəsul Rza Cənubda
ən çox oxunan və sevilən bir şair kimi
şöhrət tapmışdır...Mənhus Məhəmməd
Rza şahın dövründə hökm sürən
terrorun qurbanı olan Səməd Behrəngi 1968-ci
ildə gizli şəraitdə buraxdığı
“Parə-parə” məcmuəsinə Rəsulun bir
sıra şerlərini daxil etmişdi. Cənub mətbuatının
yazdığına görə, o zaman bu şerlər
oxucular tərəfindən maraqla qarşılanmış,
əldən-ələ keçmiş, gizli şəraitdə
geniş yayılmışdı.
Abbas Zamanov
Millətimizin təhsinəlayiq inqilabında
neçə il əvvəl Rəsul Rzanın müxtəlif
xalqların taleyindən danışan gözəl
şerlərindən bir neçəsini “Asari əz
şüarayı Azərbaycan” (“Azərbaycan şairlərinin
əsərlərindən”) kitabında çap etdirmişdim.
Xain Məhəmməd Rza şahın sansurları
Rəsul Rzanın şerlərinin kitaba daxil olmasına
görə üç il kitaba nəşr icazəsi
vermədilər. Kitab nəşr olunandan sonra da
savakçılar dərhal toplayıb satışını
qadağan etdilər.
Hüseyn Sadiq,
Cənubi Azərbaycan ədibi
“İnqilab yolunda” jurnalı
Rəsul Rza Azərbaycan ədəbiyyatında
sərbəst şerin ciddi tərəfdarlarından
biri olaraq bu sahədə gözəl şerlərin
müəllifi kimi tanınmış, Şimali Azərbaycanda
bu yeni şer məktəbinin carçısı,
hamisi və aparıcısı olmuşdur.
“Varlıq” jurnalı, N 12,
1981, Tehran
Rəsul Rza bilir ki, o, böyük Azərbaycan
şer qalaktikasının iri, parlaq ulduzlarından
biridir. Məhz bu qalaktikanın övladıdır.
Oxumaq, öyrənmək, dünya sənətinin
nümunələrini araşdırmaq, dünya şer–sənət
nəfəsini duymaq həmişə əsl sənətkarın
yaradıcılıq yolunu işiqlandırmışdır.
Rəsul Rzanın yaradıcılığında
dünən var, bu gün boldur, sabah da az deyildir.
Sabaha baxmaq, sabahla yaşamaq əsl sənətkarın
üzərinə xalqının, sənətinin,
zamanının qoyduğu vəzifədir. Rəsul
Rza ağıllı şairdir. Bu isə kiçik
məziyyət deyildir. Rəsul Rza novatorluğunu
“sərbəst” şerdə yox, sərbəst bədii
idrakda görmək lazımdır, cəsarətin
sərbəstliyində axtarmaq lazımdır...Təsadüfi
deyildir ki, Rəsul Rza öz vətəni ilə
birlikdə dünyanı dolanan, dünyada məşhur
olan şairlərdəndir.
Bayram Bayramov
Sabir poeziyası günləri ilə
bağlı iki nəfər Vətən övladı
haqqında danışmadan keçinə bilmirəm.
Birinci İmadəddin Nəsimi məzarını
Hələbdə bizim üçün ziyarətgaha
çevirən gözəl şairimiz, xalq şairi
Rəsul Rzadır. O qoyub bu günlərin bünövrəsini,
o başlayıb bu təntənəni, xatirələri
canlandırıb, gənc nəsli, əli təzə
şer qələmi tutan kövrək şairləri
o aparıb Sabir dünyasına, qəbrinin ziyarətinə,
Sabir vətəninin havasını bir neçə
saatlığa da olsa tənəffüs etməyə,
hər bahar, may ayını sonunda o gətirib bizi
Sabir dərgahına...Ətirli çiçəklərlə,
Sabirə layıq salamlarla, şerlərlə. Ustad
qarşısında hesabat verməyə gətirib
bizi. Hər il Rəsul müəllim bu çiçəklərin
sayını Sabirin yaşı artdıqca artıracaqdı.
Sabirə layiq mavzoley, abidə qoyulması Rəsul
müəllimin ən mavi arzusudu...Sənə rəhmət
olsun, məzarın nurla dolsun, Vətən çörəyi,
analar anası Anan südü, Sabir dünyasından
gələn şerlər təkin sənə halal
olsun, Rəsul müəllim! Təəsüf ki,
Zamanın keşməkeşli çağları
sənin Sabir haqqında diləklərini həyata
keçirməyə bizə imkan vermədi. Bu gün
rəhmətlə yad etmək istədiyim ikinci şəxs
ədəbiyyatımızın nümunələrini
ölkələrə göndərib kitabxanalar aşdıran,
Sabir dünyasına, Sabir qədəmlərinə
özünün neçə-neçə xatirələr,
tədqiqatlar dolu kitablarını gətirən,
əzizimiz Rəsul müəllimdən sonra Sabir
günlərinin təşkilatçısı professor
Abbas Zamanovdur. Sənə də rəhmət olsun
Abbas müəllim!
Əzizə Cəfərzadə,
(“Ədəbiyyat qəzeti”, 31 may 1996)
Rəsul Rza, Nəbi Xəzri afrikalı yazıçıyla.
Moskvada Yazıçıların III Qurultayında,
1959
R.Rzanın şer və poemalarını
oxuyanda hiss edirsən ki, müəllif həmişə
narahatdır. Sənətdə narahatlıq nəcib
sifətdir. Narahatçılıq – inkişafın
rəhnidir. Narahatlıqla axtarış bir–birilə
əkizdir. “Axtaran tapar” demişlər. R.Rza həmişə
axtarır, o, sözü ancaq özü kimi deyir,
heç kimi təkrar etmir, özünəməxsus
ifadə, forma, obrazlar tapır. Hələ ilk yaradıcılıq
illərində novator poeziyanın bayrağını
yüksəklərə qaldıran R.Rza həmin
bayrağı bu günə qədər şərəflə
gətirmişdir.
Nəbi Xəzri
Şer, sənət dostları bu gün
yalnız gözəl şair Rəsul Rzanın deyil,
eyni zamanda ədəbi prosesə böyük tələbkarlıq
və həssaslıqla yanaşan, “Mənim fikrimcə”
kimi çox qiymətli kitabın müəllifi olan
tənqidçi Rəsul Rzanın, uzaq-uzaq ellərdən
incə-incə Kərkük bayatılarını,
qərib düşmüş Nəsimi divanını
sevə-sevə toplayıb Azərbaycana gətirən
ədəbiyyatşünas Rəsul Rzanın, nəhayət,
Mayakovski kimi zəmanəsinin qüdrətli bir şairinin
zəngin irsini Azərbaycan oxucusuna layiqincə təqdim
edən mütərcim Rəsul Rzanın yubileyini
qeyd edirlər.
Bəkir Nəbiyev