Electron kitabı

 

RƏSUL RZA
NİGAR RƏFİBƏYLİ
( foto- kitab)


Oxuculara

 

Azərbaycanın görkəmli sənət ustaları Rəsul Rza və Nigar Rəfibəylinin ömür tarixini yaratmaq həm çətin, həm də məsuliyyətli bir işdir. Onların yaradıcılığı, ictimai fəaliyyəti xalqımıza çox yaxın və doğmadır.

“Azərbaycan” nəşriyyatında “Azərbaycanın tanınmış şəxsiyyətləri” seriyasından ölkəmizin görkəmli xadimləri haqqında kitabların nəşri xoş bir ənənə şəklini almış və oxucular tərəfindən yaxşı qarşılanmışdır. İndiyədək nəşr olunmuş kitablar arasında ən maraqlılarından biri də oxucularımıza təqdim olunan bu kitabdır.

Bu iki şəxsiyyət həyatda rastlaşandan sonra ömrü boyu bir–birlərindən ayrılmayıb, maraqlı və çətin yolu keçib, xalqımıza misilsiz sənət inciləri bəxş etmişlər. Rəsul müəllim şerlərinin rəngarəngliyi ilə həyatımızı səmadan tutmuş dənizin dibinə qədər, yer kürəsinin bütün incəliklərini olduğu kimi əks etdirən gözəl əsərləri ilə, öz ictimai fəaliyyəti ilə Azərbaycan tarixində böyük və şərəfli iz qoymuşdur.

Kiçik bir xalqın şairi yüksələrək Sovetlər İttifaqı səviyyəsində Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. O, öz qələmi ilə ikinci Cahan müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan oğulları ilə bir cəbhədə iştirak etmişdir.

Müharibədən sonra Rəsul Rza yaradıcılığında ən mühüm hadisələrdən biri olan “Lenin” poeması şairi bütün Sovetlər İttifaqında məşhurlaşdırdı. Onun Cənubi Azərbaycan haqqındakı şerləri xalq taleyi haqqında şairin vətəndaş düşüncələri ilə aşılanmış əsərlərdir. Rəsul Rzanın “Rənglər” silsiləsi onun həyatı fəlsəfi dərk etmək qabiliyyətini bir daha nümayiş etdirdi. Rəsul Rza şerində insani xüsusiyyətlər həmişə üstünlük təşkil etmişdir. Adamlara sevgi, torpağa məhəbbət onun əsərlərinin əsas qayəsidir.

Mən Rəsul Rzanın Azərbaycanda ensiklopedik nəşrlərin təməlinin qoyulması yolunda gördüyü işləri qeyd etmək istərdim. Sovet respublikalarında milli-universal ensiklopediyaların yaradılması haqda ümumittifaq qərarının verildiyi zaman, Azərbaycanda bu işin təşkilinə rəhbərlik Rəsul Rzaya tapşırılmışdı. O, dövrdə Azərbaycanda ensiklopedik kadrlar olmadığından, Rəsul Rza özünə məxsus müdrik bir addım atdı: o, respublikanın təcrübəli, qocaman alim və naşirlərini və institutu təzəcə bitirmiş, həyatda ilk qədəmlərini atan istedadlı gəncləri ensiklopediya işinə cəlb etdi. Yaşlıların təcrübəsi, gənclərin enerjisi öz bəhrəsini verdi- Azərbaycanda işgüzar, bacarıqlı ensiklopedik kollektiv yarandı.

Bir ştrixi xüsusilə qeyd etmək istərdim: Orta Asiya respublikalarının ensiklopedistləri təcrübə toplamaq üçün Moskvaya, Böyük Sovet Ensiklopediyası Baş redaksiyasına müraciət edəndə, onları öyrənmək üçün Bakıya, Azərbaycan ensiklopediyasına göndərirdilər.

Rəsul Rza xalqımızın tarixinin, ölkəmizin görkəmli şəxsiyyətlərinin ensiklopediyada düzgün, obyektiv qiymətləndirilməsinə xüsusi diqqət və tələbkarlıqla yanaşırdı. Onun yaratdığı ensiklopedistlər kollektivi gərgin əməklə çalışaraq getdikcə püxtələşdi və sonralar Azərbaycanın mədəni həyatında xüsusi bir hadisəyə çevrilmiş 10 cildlik milli-universal ensiklopediyanın nəşrini gec də olsa, uğurla başa çatdırdı.

Kitabda Rəsul Rza haqqında müasirləri çox yazıb və gələcək nəsillərə öz fikirlərini çatdırıblar. Bunlardan ikisinin dedikləri hər bir böyük insan üçün kifayət ola bilər. İkisi də onun qələm dostu idi - Süleyman Rüstəm və Nigar xanım. Süleyman Rüstəm yazırdı: “Bizi qırx ildən artıq davam edən şəxsi dostluq bağlayır. Bu illər ərzində çox şey olub – qızğın mübahisələr, birgə səfərlər, iş. Bütün bunların arxasında bir şey dayanır - poeziyaya, Rəsul Rzanın böyük, işıqlı istedadına rəğbətim.

Onun yaradıcılığında məni ən çox cəlb edən müdrikliyidir, bir də əbədi gəncliyi. Rəsul Rza böyük humanistdir, onun humanizminin əsasları, qaynaqları şairin xalqla dərin, qırılmaz əlaqəsindədir. Xalqın ağrısı Rəsulun ağrısıdır, xalqın sevinci Rəsulun sevincidir. Rəsul Rzanı tam haqla Azərbaycan ədəbiyyatının nəinki Sovet İttifaqında, həmçinin onun hüdudlarından çox uzaqlarda da səlahiyyətli nümayəndəsi adlandırmaq olar”.

Nigar xanımın ürək sözlərindən: “İnsan yaşa dolduqca xatirələr aləmində yaşamağa başlayır, irəlidən çox geriyə baxır, keçən ömrün uzaq səhifələrini gözdən keçirir. Otuz üç il bərabər ömür sürdüyüm Rəsul Rza ilə keçən günlərimizi vərəqlərkən aydın bir həqiqət diqqəti cəlb edir: bütün bu ağır və yüngül, sevincli və sevincsiz, kədərli və bayramlı keçən günlərdə bizim xalqdan ayrı heç bir sevincimiz, xalqdan ayrı heç bir qəmimiz olmamışdır. Xalq həyatı ilə yaşamış, onunla nəfəs almış, ən ağır günlərdə xalqın dərdinə şərik olmuşuq, xalqın həyəcan və arzuları ilə yaşamışıq.”

Nigar xanım Rəfibəyli XX əsrin Azərbaycan qadın şairləri arasında öz dəst-xəttilə seçilir. Onun şerləri geniş oxucu auditoriyası qazanmış, bir çox əsərlərinə musiqi yazılmışdır.

İlk baxışdan bəlkə də onun şerləri sayca nisbətən az görünür. Lakin Nigar xanımın əsərlərinin dəyəri ondadır ki, o, öz istedadını, yaradıcılığını Rəsul Rzanın nüfuzunun yüksəlməsinə, artmasına, ailəsinin səadətinə, xoşbəxtliyinə həsr etmişdir. Bütün bu ailə qayğıları ilə yanaşı, Nigar xanım sevimli həyat yoldaşının əsərlərinin ilk oxucusu və tənqidçisi olmuş, onun yaradıcılığını lazımınca qiymətləndirməyi bacarmışdır. Nigar xanımın şəxsiyyəti haqqında oxucularda təsəvvür yaratmaq üçün Nazim Hikmətin aşağıdakı sözlərini yada salmaq kifayətdir: “R.Nigar “Uğur olsun” şeri ilə öz ərlərini, qardaşlarını Vətən müharibəsi cəbhələrinə yola salan qızlarımızın, gəlinlərimizin mərd qəlbini, alicənab təbiətini nəğmə dili ilə tərənnüm etdi.”

Bu iki böyük şəxsiyyətin hər biri haqqında ayrıca da kitab yazıla bilərdi. Onların hər biri buna layiqdir. Vaxt gələr, Azərbaycan poeziyasının bu nadir simaları haqqında ensiklopediyalar da yaranar. Rəsul Rza və Nigar xanım birgə ömür yolu keçmiş, birlikdə yaşayıb-yaratmış və demək olar, eyni vaxtda dünyanı tərk etmişlər. Nigar xanım bütün ömrü boyu ən çətin məqamlarda belə, həmişə Rəsul Rza ilə yanaşı durmuş, ona həmfikir və həyat dostu olmuşdur.

Bu kitabda bir çox görkəmli Azərbaycan ziyalısının, mədəniyyət və incəsənət xadiminin, eləcə də xarici ölkələrdə və keçmiş SSRİ məkanında yaşayıb-yaratmış şəxsiyyətlərin Rəsul Rza və Nigar xanım haqqında dedikləri də öz əksini tapmışdır.

Oxuculara təqdim olunan bu kitabın əhəmiyyəti həm də ondadır ki, gələcək nəsillər bu kitab vasitəsilə XX əsrin görkəmli Azərbaycan yazarları- Rəsul Rza və Nigar Rəfibəylinin keçdikləri maraqlı və çətin həyat yolunun bir sıra məqamları ilə daha yaxından tanış ola biləcəklər.

Nazim İbrahimov

 

 

 
     
 

Layihənin iştirakçıları