RƏSUL
RZA
NİGAR RƏFİBƏYLİ
( foto- kitab)
|
Yol bitməyib.
Onlar yenə qoşadırlar, yenə yol gedirlər
və birgəlik yollarından biri də bu kitabdan
keçir |
1931-ci ildə şairə Nigar Rəfibəyli
ilə tanış oldum. O zamanlar səhvən özgənin
şerini onun adına çıxıb, tənqidçilər
ona şiddətli atəş açmışdılar.
Həm də bu tənqidi ədəbiyyata dəxli
olmayan ayrı-ayrı rütbə sahibləri xeyli
qızışdırırdılar. Həqiqət
sonra aşkara çıxdı. Gənc şairə
özünü ləyaqətlə aparırdı.
Bu tənqidi məqalələrin birisinin altında
başqa yoldaşlarla bərabər mənim də
imzam var idi, ona görə də indi bu barədə
yazmağı lazım bildim. Qəribə görünsə
də, bu hadisə bizi yaxınlaşdırdı.
Məlum oldu ki, Nigarla mənim ədəbiyyata və
həyata olan münasibətlərimizdə ümumi
nöqtələr çoxdur. Bilmirəm mən ona
necə təsir bağışladım, ancaq o mənim
çox xoşuma gəldı. Görünür,
onun da mənə münasibəti pis deyilmiş,
çünki sonralar bizim yollarımız ayrılmadı.
1937-ci il fevralın 11-də evləndik. Biz indi də
ədəbi mübahisələr edir, yazdığımız
şerləri, oxuduğumuz kitabları təhlil
və müzakirə edirik. Ağıllı, qayğıkeş,
mərd bir qadın olan şairə ilə evləndiyim
üçün xoşbəxtəm. İndi mənim
ən səmimi və ən amansız tənqidçim
öz evimdədir.
Rəsul Rza
R. Nigar "Uğur olsun" şeri ilə öz
ərlərini, qardaşlarını Vətən
müharibəsi cəbhələrinə yola salan
qızlarımızın, gəlinlərimizin mərd
qəlbini, alicənab təbiətini nəğmə
dili ilə tərənnüm etdi.
Səməd Vurğun
Nigar son zamanlarda xeyli tərəqqi göstərmişdir.
Demək olar ki, onun yazdığı bir sıra
şerlər tanınmış gənc şairlərimizin
əsərlərindən heç də geri qalmayır.
Bu əsərlərində Nigar konkret məsələlərdən
bəhs edir. Onun şerlərində biz inqilabçı
türk qadınının ruh yüksəkliyini,
mübarizə meylini görə bilirik.
Mehdi Hüseyn
"Ədəbi döyüşlər"
kitabından. 1932
Şair qız hələ gəncdir,
həm həyatda, həm də öz ilhamlarında...
gəncdir. Lakin şair qızın şerlərində
yetkin, çılğın, özündən, gələcəyindən
əmin, azad bir könlün çırpıntıları
hiss olunur. Bu inqilabın azad etdiyi qadınlığın
səsidir. Nigar, bu gənc qız, bu azad Azərbaycan
qadınlığının bədii tərcümanı
olmağa çalışır və onun adından
danışır... Nigar ən gözəl hisslərini,
ən incə həyəcanlarını, ruhi yaşayışlarını,
intibalarını qadınlığa həsr etmişdir...
Nigarın ən yaxşı və qüvvəli
şerləri ilıq bir lirika ilə canlanmış
şerlərdir.
Əli Nazim,
"Şair qız" məqaləsindən.
1934
Nigar xanım nisbətən az yazmışdır.
Lakin nə yazmışsa, yüksək zövqün
məhsuludur, yüksək poeziya nümunəsidir.
Onun şerləri fikrin büllurluğu, niyyətin
saflığı, hissiyyatın nəcibliyi və
paklığı, sözün, obrazın seçilməsi,
parlaqlığı etibarilə, səliqə ilə
ipək sapa düzülmüş inci dənələrini
xatırladır.
Mirzə İbrahimov
Nigar xanımın, Mirvarid Dilbazinin şerləri
hind oxucuları tərəfindən sevilə-sevilə
oxunur. Amrita adlı hind şairi Bakıda olarkən
Nigar xanımdan onun şerlərini almış və
vətənə qayıtdıqdan sonra həmin şerləri
şəkli ilə birlikdə hind dilində çap
etdirmişdir.
Mirzə İbrahimov,
"Hindistanda nələr gördüm"
Bizim hər ikimiz atadan yetim idik. Bizim hər
ikimiz qeyrətli, ismətli analarımızın
himayəsində böyümüşdük. Hər
ikimizin anamızın adı da Cəvahir idi. Onların
ürəkləri ülvi duyğuların cəvahirat
xəzinəsi idi. Biz Nigar xanımla yeniyetmə
yaşlarımızdan zehni əməklə məşğul
idik, özümüzü yaşatmaqla yanaşı,
analarımıza dayaq idik. Çətinliklərimizi
bölüşürdük. Bəlkə də bizi
birləşdirən, ürəklərimizi bir-birinə
bağlayan da bu sonuncu səbəblər idi. Bir-birimizdən
gizlin sevincimiz, kədərimiz olmazdı...
Mən Nigarı əvəzsiz, kənd
günəşinin mənə bəxş etdiyi
işığıyla, istisiylə dərindən
sevirdim.
Nigar xanım öz dövrünün
mədəni, müstəqil təbiətli, müasir
dünyagörüşlü oğlu Rəsul Rza
ilə tanış oldu və Rəsulu əhatə
edən böyük bir kollektivin əhatəsinə
düşdü. Rəsul Rza yerində sərt, yumşaq,
ağıllı, tədbirli, mədəni bir gənc
idi.
Nigar xanım mülayim, ağıllı-kamallı,
şair xəyallı, incə məlahətli, gözəl
bir qız idi.
Nigar xanım Azərbaycanda sovet dövründə
uçuşa başlayan ilk qaranquşlardan biri idi.
İstedadlara hərtərəfli qayğı Azərbaycan
tarixini yeni bir adla zənginləşdirdi. Məhsətinin,
Natəvanın, Heyran xanımın adlarına bir
ad da əlavə olundu - Nigar xanım! Nigar xanımın
lirik, humanist, xeyirxahlığı təbliğ
edən poeziyası, şerləri ilə oxucularımız
yaxşı tanışdır. Onun lirikası büllur,
kövrək, ülvi duyğular lirikasıdır.
Mirvarid Dilbazi
Hələ 1930-cu ildə mən Karyagində
orta məktəbdə oxuyarkən, o zaman Azərbaycanın
partiya rəhbərlərindən Əliheydər
Qarayevin "Kommunist" qəzetində "Madam Rəfibəyova
və madumazel Rəfibəyova" adlı istehza və
təhqirlə dolu kəskin bir məqaləsi çıxmışdı.
Gözüaçıq, mətbuatla maraqlanan bir uşaq
olan mən də, əlbəttə dərhal o məqaləni
oxudum. Məqalədən məlum olurdu ki, Gəncədə
gənc şairə Nigar xanım Rəfibəyova
"Şərq və şimal" adlı bir şer yazıb
və guya bu şerdə şimaldakılara, dolayısı
ilə Şura hökumətinə simvolik tərzdə
"düşmən" münasibətini ifadə edib...
Qarayev kimi böyük vəzifə sahibinin insanlara
təmənnasız xidmət edən günahsız
atası güllələnmiş, ailələri,
ev-eşikləri tarmar edilmiş on yeddi yaşlı
yetim, kimsəsiz gənc bir qız haqqında o qədər
qəddar hökmlər verməsi mənə hər
şeydən əvvəl kişilik ləyaqətinə
sığmayan çox alçaq bir hərəkət
kimi görünürdü... Əliheydər Qarayevin
"Kommunist"dəki məqaləsindən az sonra
mətbuatda şair Mikayıl Rzaquluzadənin "Azərbaycan
Proletar Yazıçılar Cəmiyyətinə açıq
məktub"u çıxdı. Mikayıl yazırdı
ki, Əliheydər Qarayevin Nigar Rəfibəyliyə
isnad elədiyi o şer Nigarın deyil, onun - Mikayıl
Rzaquluzadənindir. Görmədiyim, tanımadığım,
adını birinci dəfə eşitdiyim Mikayıl
Rzaquluzadənin surəti mənim xəyalımda
alicənab bir qəhrəman, bir orta əsr rıtsarı
kimi canlanırdı.
Mən Bakıya gələndə Nigar
xanımla Rəsul Rza çoxdan evlənib ailə
həyatı qurmuşdular. Həyatında o qədər
əzablar, müsibətlər çəkmiş
gənc istedadlı şairənin bu izdivacı məni
sevindirirdi. Heç olmazsa onun həyatı indi sakit
və təhlükəsiz idi. Əri kommunist, həm
də Yazıçılar İttifaqının sədri
idi.
Mən Nigar xanımı birinci dəfə
1939-cu ilin yayında Yazıçılar İttifaqının
Natəvan adına klubunda gördüm. Rəsul
Rza Yazıçılar İttifaqının katibi
Cəfər Cəfərovla bilyard oynayırdı.
Nigar xanım ucaboylu, son dəbdə ləyaqətlə
geyinmiş gözəl və cazibədar gənc
bir qadın idi. İlk baxışdan onun təbiətən
aristokrat bir xanım olduğunu hiss edirdin. Mən
o zamanlar onun söhbət zamanı hərdən
gülümsəyən nəcib simasına baxaraq
fikirləşirdim ki, tale təqsirsiz, məhkəməsiz
güllələnmiş xalq cəfakeşi doktor
Xudadat bəyin heç olmazsa köməksiz, imdadsız
qalmış o gənc qızına aman vermişdirsə,
demək dünyada az da olsa, ədalət varmış.
Lakin onun gözlərinin dərinliyində nə
isə çəkingən, ehtiyatlı bir ifadə
də hiss edirdim və düşünürdüm
ki, yəqin bu o əlacsız, vahiməli günlərdən
qırılıb qalmış bir əlamətdir...
... Səksəninci illərin lap əvvəllərində
Rəsul xəstələnmişdi və səhv
etmirəmsə, Moskvaya müalicəyə getməyə
hazırlaşırdı. Rəsulu yoluxmaq üçün
Elçinlə birlikdə onlara getdik. Evdə Nigar
xanım ilə ikisi idi. Oturub çay içdik, xeyli
söhbət etdik. Rəsul gümrah idi və heç
kimin ağlına gəlməzdi ki, tale təkcə
Rəsulun yox, Nigar xanımın da bu dünyadakı
ömürlərinə çox az möhlət qoyub.
Ancaq gülüb-danışan Nigar xanımın
gözlərinin dərinliyinə bir kədər,
bir yorğunluq hopmuşdu və o zaman mən fikirləşdim
ki, bu kədərin, bu yorğunluğun Xudadat bəyin
ölümündən bu tərəfə on illiklərlə
uzanan bir tarixi var.
İlyas Əfəndiyev
Çətindir... Gözünün qabağında
qönçələnib-çiçəklənib
Xalq şairi adı almış bir istedad haqqında
danışmaq çox-çox çətindir! Onun
on beş yaşı münasibətilə keçirilən
ailə şənliyində Yusif Məmmədəliyevlə
birgə iştirak edirdik. O zaman biz Gəncə Pedaqoji
Texnikumunda müəllim idik. Nigar utana-utana ilk şerlərindən
oxuyurdu... On beş yaşında hamı yazsa da,
yazmasa da, şairdir. Amma şer də var, şer
də... Yusif kimya müəllimi olsa da, şeri sevirdi
və bilirdi. Mən də ki, yalnız ədəbiyyat
müəllimi deyil, həm də müasir şer
haqqında qızğın mübahisələrə
girişən "döyüşkən" tənqidçi
sayılırdım. Bununla bərabər Nigarın
ilk şerləri bizi tutdu! Məhz bu şerlərə
görə, ona üstüyazılı gümüşü
bir qələm bağışladıq... Nigarın
sonrakı fəaliyyəti göstərdi ki, Yusif
də, mən də yanılmamışıq.
Ölümsüz və unudulmaz Nigar xanımın
yaradıcılıq simasını öz sözləri
ilə səciyyələndirib inamla deyirik ki, onun
yaradıcılığı - ürək məşəli
- şerimizin üfüqlərində daim parlayıb
ucalacaq, gələcək nəsillər ondan nur
və ilham alacaqdır!
Mikayıl Rzaquluzadə
Təbiət ona insan səadətini bol-bol
verib. Gözəl ilham, qabiliyyətli övladlar.
Rəsul kimi həyat yoldaşı. Bununla belə
deməliyəm ki, Rəsul Rza kimi bir şairərlə
ömür sürmək gözəl olduğu qədər
də çətindir. Şair nazına, ərkinə
dözmək sizə zarafat gəlməsin. Onun qayğısını
çəkmək özü elə böyük bir
əməkdir. Bir də üstəlik özün
şair olasan. Evində ən tələbkar, yüksək
zövqə malik olan ər və oğul. Özünüz
düşünün, onun hər şerinə evin
içində tələbkar oxucular qiymət verməli
olur. Bütün bunlardan başqa deməliyəm
ki, qadın həyatı analıq, evdarlıqla əlaqədar
olduğu üçün onun yaradıcılıqla
məşğul olması bir qədər də
çətindir.
Nigar Rəfibəyli övladlarını
dərin məhəbbətlə sevən ana surəti
yaradarkən, heç də övladları balağına
tikib, dizinin dibində oturtmaq istəyən və
bunu məhəbbət adlandıran anaları nümunə
almır. O, istəyir ki, onun övladları insanlara
səadət gətirsin, uzaq ellərə işıq
aparsın, ehtiyacı olanlara yardım göstərsin,
bir sözlə, cəmiyyət üçün faydalı
insanlar olsunlar.
Əzizə Cəfərzadə
Vaxtilə Nigar Rəfibəylinin "Şerli,
nəğməli xalqım" adlı yazısı
çıxıb. Unudulmaz şairəmiz həmin
yazıda Mehdi Hüseynin bir fikrini yada salır: "Yaxşı
şer oxuyan qadın səsindən təsirli bir
səs eşitməmişəm". O yazıda Nigar
xanım bu fikri ayrı münasibətlə xatırlayıb.
Ancaq sanki o sözlər elə özü haqqında
deyilib. Şer oxuyan Nigar Rəfibəylini dinləmisinizmi?
Bu məhrəm, bu səmimi səsin doğmalığında
ən adi sözlər də şirinləşir,
kövrək, həssas, ürəkdən qopub ürəyə
dönən bir nəğməyə bənzəyir.
İnsanların səslərilə özləri
arasında nə qəribə oxşarlıq, uyarlıq
var. Bu səs - gənc Nigar Rəfibəylinin həzin
səsi 1930-cu illər Bakısının qaynar,
mübarizəli, ümidli ədəbi mühitindən
gəldi. Çöhrəsindən şəfqət,
səsindən hərarət yağan, misraları
odlu bir ilhamla çağlayan bu cavan şairəni
oxuyanlar gördülər ki, onun hər şeri
bir təranədi. Və gənc Nigarın şerindəki
nəğməliliyi hamıdan daha əvvəl Üzeyir
bəyin sərraf gözləri seçdi. Bir gün
istəkli tələbələrindən Ədilə
Hüseynzadəni yanına çağırır.
Ona Nigar Rəfibəylinin sual-cavab şəklində
yazılmış bir şerini təqdim edir. Görünür
özü bu şerə mahnı yazmağı düşünürmüş.
Beləcə Üzeyir bəy o nəğmənin
sevincini gənc tələbəsinə bağışlayır.
Rafael Hüseynov
Daha mən telefonla zəng edib bu təkrarsız,
sehirli səsi eşitməyəcəm - bu fikir ürəyimi
ağrı ilə doldurur.
Nigar! Gözəl Azərbaycan qadınına
bəxş edilmiş gözəl Azərbaycan adı!
Onun surətini çəkmək üçün
mən rəssam olmaq istərdim. Amma hamını
valeh edən o gözəl səsi - Nigarın səsini
necə çəkmək olar? İnsanı hər
şeydən əvvəl onun üzü və səsi
ovsunlayırdı. Bunlar şairin şəxsiyyətinin,
qəlbinin və poetik varlığının ifadəsi
idi. Blokun gözəl bir sözü var: "Poeziya bütövün
yalnız bir hissəsidir, şəxsiyyət sənətkardan
yüksəkdir". Bu sözlərdə N. Rəfibəylinin
poeziyası ilə qəribə bir uyğunluq vardır.
Daxilən Nigarın həyatı, təbiəti,
şəxsiyyəti yaradıcılığından
zəngindir. Nigar qadın idi, Azərbaycan qadını.
Təbiət ona nadir bədii istedad əta etdiyi
kimi, yüksək analıq hissi də bəxş
etmişdi, həm də tale onu Rəsul Rza kimi qeyri-adi
insanla rastlaşdırmışdı. Nigarın
zərif qəlbi sanki üç yerə parçalanmalı
idi - məhəbbət, analıq hissi, poeziya. Bütün
ömrü boyu qismətinə düşmüş
bu üç təbii hissi bölüşdürmüş,
böyük məharətlə və ehtiramla onların
arasında ahəng yaratmışdı.
Gülrux Əlibəyova
Nigar Rəfibəyli yaradıcılıq
aləminə atıldığı lap birinci gündən
poeziyanın məqsəd və amalını insanlara
xidmətdə görmüş, istər epik, istərsə
də rübabi şerlərində insanları səadətə,
işığa çağıran idealları təsvir
və tərənnüm etmişdir. Nigar Rəfibəyli
yurdunun azadlığı uğrunda vuruşan ərəb
qızı Cəmiləni də, ispan qızı
Dolores İbarurini də, cəbhələrə
oğul, ər, sevgili yola salmış etibarlı
Azərbaycan qadın və qızlarını da
eyni məhəbbət və ehtirasla tərənnüm
edir.
Əliağa Kürçaylı
Hörmətli Nigar xanım!
Keçən il sizin təzə şerlərinizi
mən bir oxudum, sevindim. Bir oxudum valeh oldum, bir də
oxudum, sözün əsl mənasında heyrətləndim.
Nəzərə alsaq ki, heyrətə gətirmək
əsl şerin əzəli və əbədi bir
qanunudur, mənim keçirdiyim hisslər sizə aydın
olar. Siz bizim görkəmli şairlərimizdənsiniz.
Sizin böyük həyat təcrübəniz və
mənalı poeziya yolunuz var. Bu, həqiqi şairin
keçdiyi ləyaqətli bir yoldur...
Hörmətlə, Nəbi Xəzri
"Ədəbiyyat və incəsənət" qəzeti,
24 fevral 1979
Nigar xanım ilə Rəsulu... ülvi
məhəbbət birləşdirirdi. Onlar dünyanın
nemətlərini birlikdə dadır, birlikdə
musiqiyə qulaq asır, toylara, dostların ziyafətlərinə,
teatrlara, uzaq ölkələrə səyahətə
birlikdə gedirdilər. Lakin hərə öz yazı
masasının arxasına keçib qələmi
götürdükdə sanki ayrılırdılar.
Çünki hərənin özünəməxsus
dəst-xətti vardı.
Nigar Rəfibəyli son dərəcə
mülayim, kövrək qəlbli bir insan idi. O, həyatda
adamları bir-birilə dost və mehriban görmək
istəyirdi. Bəzən Rəsul Rza hissiyyatın
kəməndinə düşəndə Nigar xanım
onun əlindən tutub sakitləşdirirdi. Sərt
təbiətli Rəsul heç vaxt onun sözündən
çıxmazdı.
Abbas Zamanov
Mən, Nigar Rəfibəylinin şerlərini
ilk dəfə oxuyanda məktəbli idim. Sonra müharibə
illərində onun vətənin igid oğul və
qızlarını ana yurdun müdafiəsində
qəhrəmanlıq göstərməyə çağıran,
faşist işğalçılarını şairə
qəlbindən doğan qəzəb atəşinə
tutan şerlərini Təbrizdə oxumuşam.
Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında
öz səsi, sözü olan şairədir. Poeziyası
ilk oxunuşdan insanın qəlbinə yol tapan kövrək,
lakin davamlı, oxucusunu uzun müddət təsir
altında saxlamağı bacaran poeziyadır. "Mətbəx
şerləri"ni bir dəfə oxuyan ömür
boyu unutmaz. Nigar xanım Azərbaycan poeziyasının
elə işıqlı ulduzlarındandır ki,
o, həmişə sənət aləmində görünəcəkdir.
Balaş Azəroğlu
Gözəl Azərbaycan şairəsi
Nigar Rəfibəylinin "Əlvida" şeri italyan bəstəkarı
Franko Maninin yazdığı "Məhəbbətin
təntənəsi" adlı kantatanın tərkib
hissəsi oldu. Bu maraqlı əsər Sovet paytaxtında
keçirilən Birinci beynəlxalq musiqi festivalında
uğurla səsləndi. F.Manino deyir: Bu əsərin
ideyasını mənə dostum Tixon Xrennikov verdi.
Onun mənə hədiyyə etdiyi Sovet poeziyası
kitabı məni parlaq emosionallığı, şerin
ecazkar musiqisi, lirik hisslərin dərinliyi ilə
cəlb etdi. Azərbaycan şairəsinin incə,
həzin misralarıyla bərabər mən Anna Axmatovanın,
Salomeya Nerisin, Adelina Adalisin, Dina Tereşşenkonun,
Mirdza Kempenin lirik şerlərindən də istifadə
etdim".
"Bakinski raboçi" qəzetl, 10 may 1981