RƏSUL
RZA
NİGAR RƏFİBƏYLİ
( foto- kitab)
|
Rəsulun
Nigarı |
Çevrə 8 əsr sonra qapandı. XII
yüzildə Azərbaycanın söz zəfərləri
qazanan ən böyük şairələri Gəncədə
olmuşdu. Azərbaycanın və Şərqin
ədəbiyyat tarixlərinə qələm zirvəsinə
ucalanlar sırasında gəncəli Məhsətiylə
Rəziyyənin adları düşmüşdü.
XX yüzildə Azərbaycanın ən şöhrətli
qadın şairləri sırasında gəncəli
Nigar Rəfibəyli boyu vüqarla ucaldı. Olsun
ki, gün yetişəcək Azərbaycanda bir zamanlar
şairlərə, sənət adamlarına fəxri
adlar, titullar verilməsi gələcəklilərə
gülməli, məntiqsiz görünəcək.
Lakin hər halda bu seçdirmə XX yüzildə
vardı və həmin əsr boyunca Azərbaycanın
onlarca, yüzlərcə qadın şairi arasında
dördcə nəfərə "xalq şairi" adını
qazanmaq qismət oldu. İkisi Güney, ikisi Quzey
Azərbaycandan. Cənubdan - Mədinə Gülgünlə
Həkimə Billuriyə, Şimaldan - Mirvarid Dilbazi
ilə Nigar Rəfibəyliyə.
Dördünün də taleyi çətin,
yolları aşırımlı olub. Xüsusən
Nigarınkı.
Dördü üçün də şairlik
yalnız ürəyi boşaltmaq, qəlbindəkiləri
sözə döndərmək imkanı yox, cəmiyyətdə,
mürəkkəb siyasi burulğanların tüğyan
etdiyi mühitdə özünüxilas və özünütəsdiq
girəvəsi olub. Dördü üçün də.
Amma xüsusən Nigara.
O ailədə ki, Nigar Rəfibəyli
doğulmuşdu, o soyadı ki, dünyaya gəlişiylə
Nigar qazanmışdı, ona səadətli, rəvan,
rahat bir yol vəd edirdi.
Babası Ələkbər bəy Gəncənin
və bütöv Azərbaycanın ən ulu ağsaqqallarından
idi. Rəfibəylilər qollu-budaqlı, köklü-köməcli
bir nəsil idi. Həmin Ələkbər bəy
vəfat edəndə Azərbaycan qəzetlərində
ən seçkin insanlar bunu şanlı bir millət
atasının vəfatı kimi mənalandırmışdılar.
Azərbaycan müstəqillik qazanıb
üçrəngli bayrağını ucaldanda Rəfibəylilər
yenə öndəydilər. İlk paytaxt Gəncə
seçilmişdi və bu məsud müstəqilliyi
Azərbaycana, Gəncəyə gətirən ilk
müjdəçilərin idi.
Nigarın atası Xudadat bəy ilk müstəqil
hökumətin ilk səhiyyə naziri olmuşdu,
Gəncənin valisi seçilmişdi.
Bütün bunlar olanda Nigar hələ
körpəydi, uşaqdı - anadan olmuşdu 1913-cü
ildə.
Sonra bolşeviklər gəldilər,
çox dudmanları kor qoydular, çox şərəfli
nəsillərin axırına çıxdılar
və dünənəcən gələcəyinə
səadətlər vəd etdiyi Nigar dönüb
oldu gələcəyin hər an yeni bədbəxtliklər
və ağırdan ağır sınaqlar boyun olduğu
bir zavallı.
Sovetin özünə düşmən
seçdiyi nəsillərdən biri oldu Rəfibəylilər.
Mövcud olduğu 7 onil boyunca sovet dövləti
Rəfibəyliləri doqquz dəfə ən sərt
repressiyalara məruz qoydu. Həbs etdi, sürgünlərə
yolladı, güllələdi. Gözlədi ki,
yeni Rəfibəylilər yetişsin, sonra eyni bəlaları
onların başına gətirdi. Rəfibəylilərin
iri dəstəsi isə İrana, Türkiyəyə
mühacirət etdi. Təntənəsini başlamış,
sonralar öhdəsindən gəlmək dünya
üçün müşkülə çevriləcək
Şər imperiyasının caynağından qurtulmuş
mühacir Rəfibəylilər xaricdə də
rahat yaşaya bilmədilər. Təqiblər orda
da davam etdi. Rəfibəylilər izi itirmək üçün
Türkiyədə 3 müxtəlif soyadla ömür
sürdülər - Arran, Sayqın, Əsgəran.
Sovet İttifaqında qalanlar da bəyliklərini,
Rəfi-bəyliliklərini gizlətmək üçün
Rəfiyev oldular, Rəfizadə oldular, Babayev oldular,
Kərimli oldular...
1931-ci ildə Nigar Rəfibəylinin 18
yaşı vardı.
Sonradan taleyini bağlayacağı Rəsul
Rzadan fərqli olaraq o, Bakıya özxoşuna gəlməmişdi,
şöhrət ardınca, özünüifadə
məqsədiylə can atmamışdı.
Onu anası, dayısı ilə birgə
Gəncədən sürgün etmişdilər.
Adının yanında şərəfli
və ləkəli soyad, üzərində "xalq
düşməni" damğası olan bir yeniyetmə
qız ədəbiyyat aləminə atılırdı
və hər sözü üfürə-üfürə
deyən xəfiyyə ruhlu sovet gerçəkliyi
içərisində belə bioqrafiya ilə söz
mühitinə gələrək özünü
təsdiq etməkdən ağlasığmaz istək
təsəvvür etmək çətindir.
Nigar Rəfibəyliyə qəhrəman
deməyib kimə deyəsən?!
Sovet hökuməti laxladığı,
dağıldığı son çağlaracan Rəfibəylilərlə
ədavətini kəsmədi - bu isə Nigar Rəfibəylinin
bütöv ömrünü əhatə edən
bir yol demək idi.
Bu uzun və məşəqqətli yolu
Nigar xanım başacan vüqarla, qeyrətlə,
hünərlə addımladı.
Bir ideoloji düşmən ailəsi üçün
ən yolverilməz peşə ilə məşğul
oldu, şairlik etdi, hər zaman göz önündə
oldu və xalq şairi adına layiq görüldü.
Bu titul Nigar Rəfibəyli üçün
sadəcə şairliyinə verilən qiymət,
rejim tərəfindən, dövlət sarıdan
nəslinə, ata-babasına verilən ən böyük
bəraət idi.
1931-ci ildə, o çağkı Azərbaycan
ədəbi gəncliyinin toplaşdığı
əsas mərkəzlərdən olan "Maarif evi"ndə
biri Göyçaydan, digəri Gəncədən
gəlmiş iki gənc, Rəsulla Nigar ilk dəfə
rastlaşdılar, toyları çox sonra - qara ayaqlı
1937-nin fevralında olsa da, elə ilk rastlaşdıqları
ildən qovuşdular. Qovuşdular və yarım
əsr birgə oldular. Birgə addımladılar,
birgə mübarizə apardılar. Və heç
birinin sevmədiyi rejim onları yalnız öləndən
sonra ayıra bildi. Rejim Rəfibəylilərdən
son intiqamını aldı, Rəfibəylilərə
son pisliyini etdi. İmkan vermədi ki, Rəsulla Nigar
eyni məzarlıqda yanaşı uyusun.
O məzarlıqda ki, orada Mirzə Cəlillə
Həmidə xanım yanaşıdır, o məzarlıqda
ki, orada Üzeyir bəylə Məleykə xanım
yanaşıdır.
Rejim Nigar xanımı yalnız üzdən
qəbul edibmiş, içərisində onu elə
düşmənləri, arzu etmədikləri sırasında
saxlayırmış.
Və təsəvvür edin, bu uzun yarım
əsri bunca qart bir düşmənin hakimiyyəti
altında yaşayaraq namuslu ədəbiyyat adamı
olmaq nə qədər mürəkkəb, həm
də nə qədər təhlükəli, riskli
bir yol gedişiymiş.
Nigar xanım az yazmayıb. Şerlər,
poemalar, nəğmələr yazıb, tərcümələr
edib, publisistikayla məşğul olub.
Amma o potensial ki, Nigar xanımda vardı,
bunlardan on qat, yüz qat artıq əsərlər
doğura bilərdi - həm sayca, həm də xüsusi
çəkisiylə.
Anar Nigar xanımın bir yandan da ailə
qayğılarına büründüyünü,
ərinin, uşaqlarının, nəvələrinin
yükünü çəkdiyini, ona görə
də özünün, atasının hər yazılmış
yeni əsərinin anasının yazılmamış
əsəri olduğunu etiraf edir. Olsun ki, bu sözlərdə
haqq var. Amma siyasi maneələr, dövrün və
taleyin yaratdığı göz qıpıqlığı
olmasaydı, Nigar xanım çəkdiyindən artıq
ailə qayğıları çəkə-çəkə
indiki irsindən neçə qat artığını
ortaya qoya bilərdi.
Dörd bir ətrafı Nigar Rəfibəyli
üçün mövzular təklif edirdi. İki
daş arasında, çəngəl-bıçağın,
qab-qacağın içindən də şerə
döndəriləsi həqiqətləri tapırdı,
yazırdı. "Mətbəx şerləri"nin sadə
və gözəl örnəyi isbat üçün
yetməzmi?
Bütün günü yu, sil,
bişir, düşür,
Birinin qismətinə
yüksək masa arxasında
oturmaq,
Birinin qismətinə
qab-qacaq yumaq düşür...
Nə zərər,
Bəzən yüksək məclislərdən
daha parlaq,
daha təmiz olur
Adi mətbəxlər...
Nigarı az yazmaq zorunda qoyan nə məişət
qayğıları idi, nə mətbəx divarları.
İlk növbədə siyasi hürkülər
idi ürəyindəkilərin onda birini üzə
çıxmağa qoymayan.
Axı Nigar yazdığı hər kəlməyə
şübhəcil rejimin əl altından daimi nəzarət
etdiyini anlayırdı. Ona görə də çöldəki
bütün senzorlardan daha oyaq, daha kəskin senzor
həmişə öz içərisində olmalıydı.
Yazmamaqla ərini də, oğlunu da qoruyurdu.
Sovet rejiminin Rəfibəylilərə
və Azərbaycana etdiyi ən böyük pisliklərdən
biri də bizi Nigar Rəfibəylinin yazıla biləcək
neçə-neçə işıq dolu əsərindən
məhrum etməsi oldu.
Heykəl də qoymayın şairə vaxtsız,
Zaman sınağından qoy qalib çıxsın.
Nə oxucu ona söyləsin baxtsız,
Nə dövran uçurub heykəli yıxsın.
Qəlblərdə yaşasın onun heykəli,
Şeri məşəl kimi illəri yarsın.
Gələcəyin xoşbəxt nəsillərinə
Əsrindən, dövründən salam aparsın.
Nigar Rəfibəylini həyat yolunun,
sənət yolunun lap başlanğıcında
doğma Gəncəsindən sürgün etmişdilər.
Mərdanə yaşadığı ömrə
taleyin son mükafatı kimi Nigar bu əziz şəhərə,
atasının, anasının, babalarının,
nənələrinin şəhərinə XX yüzilin
bitəcəyində heykələ dönərək
qayıtdı.
Nigar Rəsula, Rəsul Nigara çoxlu
şerlər həsr ediblər. Amma Rəsul Rzanın
Nigara 1957-ci iidə, toy axşamlarından 20 il keçərkən
səfərdən - Moskvadan yolladığı bir
teleqram da qalır və o teleqram da elə şer
kimi bir şeydir.
"Nigar, əzizim!
İyirmi il əvvəl, boranlı bir
fevral günü biz səninlə əl-ələ
verib həyatın mürəkkəb, çətin
yollarına çıxdıq. Bu iyirmi il boyunda bütün
sınaqlardan keçib mətanəti sarsılmayan
ruhun, şəfqəti azalmayan qəlbin, hərarəti
soyumayan mərd əllərin üçün sağ
ol!
Əgər günlər geriyə varaqlansa,
gəncliyim qayıtsa idi, inan ki, mən ömrümü
yenə səninlə bağlayar, həyatın daha
çətin yollarında, tərəddüdsüz
səninlə əl-ələ verib gedərdim. Qoy
üç sevimli balamızın sevinc və səadəti
gələcək günlərimizi bəzəsin.
Qoy məhəbbətimizin hərarəti onları
hər cür fırtınalardan qorusun.
Vəfa və sədaqətin qarşısında
baş əyirəm".
Rafael Hüseynov