Xatirələr

 


Rəsul Rza haqqında
məqalələr, çıxışlar


Heydər Əliyev “Xalq üçün yaşayıb- yaratmalı”

SCRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinə yüksək dövlət mükafatlarını təqdim etməyi mənə tapşırmışdır. Mən bu şərəfli vəzifəni böyük məmnuniyyətlə yerinə yetirirəm.

Sovet ədəbiyyatının inkişafında böyük xidmətlərinə, səmərəli ictimai fəaliyyətinə görə və anadan olmasının 70 illiyi ilə əlaqədər olaraq Azərbaycanın xalq şairi Rəsul Rzaya "Lenin ordeni" və "Oraq və Çəkic" qızıl medalı təqdim edilmeklə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilmişdir.

Azərbaycan bədii ədəbiyyatının, şer sənətinin çoxəsrlik, zəngin tarixi vardır. Böyük Oktyabrın qələbəsindən sonra marksizm-leninizm ideyalarının təsiri altında Azərbaycan sovet ədəbiyyatı yaranmışdır ki, bu da Sovetlər ölkəsinin çoxmillətli ədəbiyyatının ayrılmaz bir hissəsidir. Rəsul Rza Azərbaycan sovet ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, gözəl şairlərimiz Səməd Vurğun və Süleyman Rüstəmlə birlikdə Azərbaycan sovet poeziyasının banilərindən biri hesab olunur.

30-cu illərin əvvəllərində yaradıcılıq fəaliyyətinə başlayan Rəsul Rza yarım əsr ərzində Azərbaycan ədəbiyyatının, Azərbaycan şer sənətinin inkişafına böyük təsir göstərmişdir. O, bir çox əsərləri — poemaları, şerləri, publisistik meqalələri, pyesləri və ümumi ədəbi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını, Azərbaycan şer sənətini zənginləşdirmişdir.

Rəsul Rzanın yaradıcılığında həm Azərbaycanın tarixi, həm də yeni sosialist həyatı, sovet quruculuğu illərində respublika zəhmətkeşlərinin fəal işi ətraflı və yüksək bədii səviyyədə əks olunmuşdur. Ölkəmiz üçün çətin dövr olan Böyük Vətən müharibəsi illərində Rəsul Rza öz yaradıcılığı ilə, vətənpərvərlik hissləri ilə zəngin olan şerləri ilə Azərbaycanın oğul və qızlarını Vətənin müdafiəsinə səfərbər edirdi.

Rəsul Rza yaradıcılığının səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, dünya ədəbiyyatının, inqilabi rus poeziyasının ən yaxşı nümunələrinin təsiri altında, böyük Mayakovskinin poetik irsinin səmərəli təsiri altında o, zəngin milli ədəbi ənənələrdən istifadə edərək, Azərbaycan poeziyasında bir novator kimi çıxış etmiş, Azərbaycan poeziyasını yeni bədii ifadə vasitələri ilə, yeni şer formaları ilə zənginləşdirmişdir.

"Lenin" poeması Rəsul Rza bədii yaradıcılığının zirvəsidir. Bu poemada rəhbərin surəti çox böyük məharətlə əks etdirilmiş, Azərbaycan xalqının Leninə, Kommunist Partiyasına, rus xalqına olan hədsiz məhəbbəti və minnətdarlıq hissi məharətlə ifadə olunmuşdur. "Lenin" poeması bədii leniniananın parlaq nümunələrindən biridir.

Rəsul Rzanın poeziyası zəmanəmizdə coşğun inkişaf edərək son vaxtlar respublikada baş verən müsbət prosesləri parlaq şəkildə əks etdirir, zəhmətkeşlərin ideya-siyasi və estetik tərbiyəsinə kömək edir.

Rəsul Rza klassik dünya ədəbiyyatının, klassik və müasir rus şerinin ən yaxşı nümunələrini Azərbaycan dilinə tərcümə edərək bu sahədə də çox böyük xidmətlər göstərmişdir. Vladimir Mayakovskinin əsərlərinin əksəriyyətini Azərbaycan dilinə məhz Rəsul Rza tərcümə etmişdir.

Rəsul Rzanın bədii yaradıcılığı respublikamızda hamı tərəfindən sevilmiş, ona hüsn-rəğbət və hörmət, ölkəmizdə və xaricdə böyük şöhrət qazandırmışdır. Onun əsərleri SSRİ xalqlarının dillərinə və xarici dillərə tərcümə olunmuşdur.

Rəsul Rza respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir. 40 ildən artıqdır ki, o, Kommunist Partiyasının sıralarındadır. O, respublika Ali Sovetinin deputatı, Asiya və Afrika Ölkələri Həmrəyliyi Azərbaycan Komitəsinin sədri, Xəbərlər Mətbuat Agentliyi Azərbaycan şöbəsi rəyasət heyətinin sədri vəzifələrini müvəffəqiyyətlə yerinə yetirir.

 

 

 
     
 

Layihənin iştirakçıları