Rəsul Rza haqqında məqalələr, çıxışlar
|
Nazim Hikmət “İkinci nəfəs” |
Insan qırx yaşından sonra cəsarətlə,
yeni-yeni axtarış ehtirası ilə və yorulmazlıqla
müdrikliyin, yetkinliyin bir-birilə uyuşmadığını
hiss elədiyi üçün ara-sıra qüssələnir.
Bu, doğrudan da belədir, amma bəzən qırx
yaşlı adlanmış adam, ilk baxışda
bir - birilə uyuşmayan bu iki cəhəti özündə
birləşdirə bilir. Fikrimizi sübut etmək
üçün çoxlu misal getirmək olar, qüdrətli
ictimai xadimlərin və dövlət xadimlərinin,
mütəfəkkirlərin, sənətkarların,
həmçinin zavodlarda, tikintilərdə, kolxozlarda
çalışan neçə-neçə adlı-sanlı
əməkçinin adını çəkmək
olar.
Mən bir şair haqqında danışmaq
istəyirəm. Azərbaycan şairi Rəsul Rza
haqqında. O da gəncliklə müdrikliyi özündə
birləşdirib. Onun yaradıcılığı
ilə təxminən 20 ildir, özü ilə 12
ildir tanışam. Rəsul Rza qırx yaşına
kimi sadəcə olaraq yaxşı şair idi. Sov.İKP
XX qurultayından sonra isə hər şeri gənclik
ehtirası ilə yazır, sosializm realizmi metodunu
cəsarətli axtarışlarla tətbiq edir. İndi,
1959-cu ildə məndən sovet poeziyası novatorlarının
adını soruşsalar, onların arasında Rəsul
Rzanın adını da mütləq çəkərdim.
Rəsula ciddi təsir göstərən
mühüm amillərdən biri də budur ki, o,
bizim günlərdə dünyanı dönə-dönə
gəzib dolaşmaq imkanı tapıb. Müxtəlif
xalqların əsrlərlə yaratdığı
mənəvi sərvətlərlə qarşılaşması
ona belə bir fıkir aşılamışdır
ki, şair — kommunist kimi təkcə öz xalqının
yox, həm də bəşəriyyətin mənəvi
sərvətlərinin varisidir. XX qurultay Rəsul
Rzaya onun Ölkəsində hələ də özünü
göstərən xoşagəlməz "miras"la, keçmişin
hər cür qalığı ilə mübarizə
aparmaq, onu aradan qaldırmaq üçün böyük
mənəvi qüvvət verdi.
Həyatın irəli sürdüyü
problemlərdən gur səslə danışmaq
üçün mütləq yeni şer forması
axtarıb tapmaq lazım idi. Rəsul öz təcrübəsini,
həyatı biliyini gənclik eşqi ilə, qanadlı
arzularla bağlayaraq bu formanı yaratdı.
Mənə elə gəlir ki, Rəsulun
bir neçə il Azərbaycankinematoqrafıya naziri
işləməsi də onun yaradıcılıq
uğurlarına müsbət təsir göstərmişdir.
Kino incəsənətin ən gənc, həyatla
canlı təmasda olmaqla həmişə təzələnən
növüdür və onunla təmasda olmaq, məncə,
şair R.Rzanın novatorluğuna zəmin yaratdı.
Rəsul Rza fəlsəfı şerlər
yazmağı sevən şairdir. Sevindiricidir ki,
onun fəlsəfəsi poetik obrazlar prizmasından
keçir.
Onun "Könlümdə bahar'' kitabı
qarşımdadır. Bir neçə fəlsəfı
şerinin adını çəkmək istərdim:
"Könlümdə bahar", "Yaz gəlir", "Bakı",
"Mənim küçəm", "Yeni mənzildə",
"Yeni söz", "Ümid, Şübhə, Kədər
və mən", "Kefli İsgəndər", "İki
buruğun söhbəti", "Kibernetika", "Təyyarədə
düşüncələr", "Vətəndən
uzaqlarda", "Rottcrdamda heykəl", "Əlcəzair meydanında"
və "Bir gün də insan ömrüdür", "Sinaq
günləri" poemaları... "Qızıl gül
olmayaydı" poeması nəzərdə tutulur. ("Sınaq
günləri" poeması şəxsiyyətə
pərəstiş dövrü haqqında yazılmış
ilk poetik əsərlərdəndir.)
Azərbaycan klassik və müasir ədəbiyyatı
— xalqın əvəzsiz nəğməsidir. Rəsulun
səsi bu nəğmənin ən yaxşı keyfiyyətlərini
özündə cəmləşdirir.