Xatirələr

 


Rəsul Rza haqqında
məqalələr, çıxışlar


Nəbi Xəzri “Əlli yaş nədir ki...”

Öz hiss və həyəcanını, fıkir və düşüncəsini milyon insanın hiss və düşüncəsinə çevirə bilən şair bəxtiyardır. Dövrünün nəbzini tutub Vətənin zəfər və zəhmətini tərənnüm edən sənətkar xoşbəxtdir! Hələ 30-cu illərin astanasına qədəm qoyarkən "Rza durma, Rza yaz" deyən şair özünün yaradıcılıq manifestini elan etmişdi. Bu poetik manifestin əsas siyasi və fəlsəfı mənası böyük mübarizələr və qələbələr dövrünün çağrışına səs verib onun layiqli tərənnümçüsü olmaqdan ibarət idi. Bu yol enişli-yoxuşlu bir yol idi, böyük narahatlıqlarla, axtarışlarla dolu bir yol idi.

Zamanın ildırım sürətli addımlarıyla ayaqlaşmağı qarşısına məqsəd qoymuş şair, heç də təsadüfı deyil ki, öz doğma düşüncələrini belə ifadə edirdi:

İstərəm şerimi dinləsin aləm,
Göylərin ildırım dodaqlarından.
Buradakı ehtiras da, fikir də, onların ifadəsi də təzə və orijinaldır. Bu, mübariz bir şairin böyük arzu və idealının təzahürüdür. Elə bil şair qüvvəsini toplayıb uçmağa hazırlaşır. O, indicə uçacaq, sonsuz üfüqləri qət edəcək, mavi göylərin qucağından keçsə də, ayağı yenə doğma Vətən torpağı ilə bağlı olacaqdır. Bəli, o uçur, öz səsini milyonların ürək səsinə qataraq vüqarla deyir:


Gəlin bu badələrə
Günəş doldurub içək.
Bağıraq:
Yoldaş zaman!
Yaşasın Böyük Bu gün!
Və yaşasın Gələcək!
Bu qalib insanın səsi köhnə dövrü öz əli ilə devirib Vətəni təzə laləzara çevirən bir insanın müzəffər düşüncələridir. Elə buna görədir ki, həmin şerin yazılış tarixindən 20 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, o, hələ de yeni və müasir səslənir.

Böyük Vətən müharibəsi zamanı R.Kza "Bəxtiyar" şerini yazmışdır. Vətən müharibəsi qəhrəmanına həsr edilmiş bu əsərin o zaman nə qədər böyük müvəffəqiyyət qazandığı yaddan çıxmamışdır. İndi o vaxtdan illər keçmişdir. Həmin şeri yenə də həyəcansız oxumaq olmur. Gözlərimiz önündə qarlı müharibə yollarında son nəfəsədək düşmənlə mərdanə vuruşan Vətən oğlu canlanır. Onun gülləsi qurtarır. O, dişləri ilə faşist zabitinin boğazını gəmirir:


Külək qarı səpələr, Bəxtiyar,
Ağ geyinib təpəler, Bəxtiyar!
Gecə qara, yol uzaq, qardaşım.
Göylər bulud, çöl düz ağ, qardaşım.


"Bəxtiyar" şerini indi də oxuyarkən həmin qarlı günlərin üşütməsi canımızdan keçir, biz Vətənin qəhrəman oğulları ilə fəxr edirik, arzu edirik ki, o qarlı-çovğunlu günlər bir daha qayıtmasın, Bəxtiyarlar bəxtiyar yaşasın, davaya yox, əmək cəbhəsinə yollansınlar. R.Rzanın şer və poemalarını oxuyanda hiss edirsən ki, müəllif həmişə narahatdır. Sənətdə narahatlıq nəcib sifətdir. Narahatlıq — inkişafın rəhnidir. Narahatlıqla axtarış bir-birilə əkizdir. Axtaran tapar — demişlər. R.Rza həmişə axtarır, o sözü ancaq özü kimi deyir. Heç kimi təkrar etmir, özünəməxsus ifadə, forma, obrazlar tapır. R.Rzanın axtarışlarını və tapıntılarını irili-xırdalı Qafqaz sıra dağlarına bənzətsək, onun "Lenin" poemasını bu silsilə yanında əzəmətlə ucalan Elbrusa oxşatmaq olar. Azərbaycan şeri fəxr edə bilər ki, dahi rəhbərə "Lenin" poeması kimi bir sənət heykeli bizim şair dostumuz tərəfindən qoyulmuşdur. Sənət üfüqləri əlvan, geniş və nəhayətsizdir. Onun hələ nə qədər kəşf olunmamış göyləri var, hələ onun nə qədər xam torpaqları insan zəkasının polad ağızlı kotanını gözləyir. Azərbaycan sovet şairləri mədəniyyətimizin yeni üfüqlərini kəşf etmiş, tariximizin yeni səhifələrini yazmışlar. R.Rza şerimizdə özünəməxsus təzə, təmiz bir üfüq açmış şairlərdəndir. Onun şüarı "yaşamaqçün yaratmaq" yox, "yaratmaqçün yaşamaq" olmuşdur. O, doğma Vətənə, onun zəhmətsevər insanlarına, onun gözəl və şairanə təbiətinə bağlı sənətkardır:


Mən nə istəyirəm?
Bahar uzansın il boyu
Çəmən-çəmən,
Oylaq-oylaq,
Gül-gülü çağırsın, çiçək-çiçəyi.
Çöllərə yanğın salsın
Lalə —
Dağlar göyçəyi.


Hələ ilk yaradıcılıq illərindən novator poeziyanın bayrağını yüksəklərə qaldıran R.Rza həmin bayrağı bu günə qədər şərəflə gətirmişdir.

50 yaş nədir ki? 50 yaş şair üçün ancaq çiçəklənmə dövrüdür, kamalın dərinləşmə dövrüdür, ən gərgin zəhmət dövrüdür. Yarımçıq qalmış planlar üçün şairin öz-özü qarşısında hesabat dövrudür.

R.Rza gah uzaq Madriddən yazır, gah Luvr muzeyinin nadir heykəlləri qarşısrada durur, gah Ərəbistanın tarixi abidələrini qələmə alır, gah Təbriz qəhrəmanlarının qələbəsinə böyük inamla səsini ucaldır — bir sözlə nədən yazır-yazsın, o sovet şairi mövqeyindən çıxış edir, onun səsi əzəmətlə yüksəlir, nəğməsinin ahəngi daha da qüvvətlənir.

Biz də onunla səs-səsə verib xoşbəxt və bəxtiyar taleyimiz üçün doğma Kommunist partiyamıza minnətdarlığımızı ifadə edirik:


Bəxtimizin ulduzu, ömrümüzün səhəri,
Şerimizin ilhamı, sözümüzün kəsəri,
Ana kimi mehriban, ata kimi tələbkar
Partiya! Böyük Leninin ölümsüz şah əsəri!

 

 

 
     
 

Layihənin iştirakçıları