Rəsul Rza haqqında məqalələr, çıxışlar
|
İlyas Əfəndiyev “Təzə və səmimi
duyğular” |
Heç şübhəsiz ki, Rəsul
Rzanın yaradıcılığı Azərbaycan
sovet poeziyasında çox görkemli hadisədir.
Onun şeri bəzən iyirminci əsrin ən son
markalı döyüş silahı kimi sərrast
atəş açır. Bəzən sərt qayalıqlarda
bitən yaşıl tikanlı budaqlar üzərində
açılmış iri ağ güllər kimi
ətir saçır, bəzən də keçmişdən
qırılıb qalmış nadanlığa, əzilib-büzülən
meşşan hərəkətlərə xəncər
kimi kəskin istehza ilə gülür...
O, açılmış cığırlarla
deyil, ayaq dəyməyən yerlərlə irəliləyir.
Yeni yol açır və bu yolun çətinliyindən
qorxmur. O, istər elmdə YƏ istərsə incəsənətdə
bütun yenilik gətirən şəxsiyyətlər
kimi ardıcıl və cəsarətlidir. O, dövrün,
zamanın yüksək idealını, yüksək
duyğularını işlənilməmiş yeni
boyalarla, yeni avazla tərənnüm edir. Çılpaqlıq,
nəsihətçilik, mədhiyyəçilik onun
sənətinə ziddir. O, hadisələrin real
cərəyanındakı şairanə mənanı,
romantik gözəlliyi dərindən dərk edib
həqiqi sənət dilinə çevirmək kimi
nadir istedada malikdir. Onun şerlərində buludların
rəngi, yarpaqların tərpənişi ilə
insan ruhunun ahəngdarlığını duyuruq.
Onun şerləri kommunizm uğrunda apardığımız
böyük mübarizənin atəşilə qanadlanır.
O, zəhmətin, mübarizənin şeriyyətini,
xalqının mərdanə sifətlərini öz
böyük sələflərinə layiq bir qüdrətlə
tərənnüm edən şairdir. Müqəddəs
ənənələrimiz onun nəğmələrinde
yeni bir təravətlə meydana çıxır.
Onun hisslərində bəzən Füzulinin incəliyi,
bəzən Sabirin nəcib qəlbi duyulur. O, sözün
həqiqi mənasında, inqilabçı, novator
bir sənətkardır.
Azərbaycan şeri onun "Lenin" poeması
ilə irəliyə doğru böyük bir addım
atmışdır. Lenin surətinin tərənnümündəki
dərin səmimiyyət və gözəllik Azərbaycan
xalqının qəlbindən qopub gəlmişdir.
"Lenin" poemasındakı duyğularda
insana fərəh təlqin edən bir şəffaflıq,
bir bahar havası vardı. İller keçir... Artıq
otuz ildir ki, şair yazır. Lakin onun ilhamı qocalmır.
Onun yaradıcılığında sönməz
bir fəaliyyət qızğınlığı,
daima irəliye can atmaq həvəsi vardır. O,
daima axtarır və öz şer bağçasının
yeni-yeni güllərlə zənginləşdirir.
Yüksək mədəniyyət, yüksək
kommunist prinsipiallığı, dərin, təzə
və səmimi duyğular onun şerinin əsas
xüsusiyyətləridir.