Xatirələr

 


Rəsul Rza haqqında
məqalələr, çıxışlar


Fikrət Sadıq “Çinar ömürlü şair”

Şamaxıda, Çuxuryurdda kənd müəllimi idim. Məni Bakıya çağırdılar. Dedilər şair Rəsul Rza Yazıçılar İttifaqında gəncleri yığıb şerlərinə qulaq asır, sən də gəl özünü sına. Gəldim. Başım bəlalar çəkmişdi. Adam 38-ci ildə tutulmuşdu, xalq düşməninin oğlu idim. Ürəyimdə söz çox idi, deyə bilmirdim. Adamları uzaqdan sevirdim. Böyük şair Məhəmməd Hadi demişkən.


"Insanları pək çox
Sevirəm, lakin uzaqdan".


Dərdimi heç kəslə bölüşmürdüm. Amma onda kimsəyə oxuya bilmədiyim şerlərimi oxudum çinar səbrli şairə. Sonralar həmişə məndən soraq tutdu. Hər təzə yazıma, kitabıma sevindi. Hər yeni kitabından mənə bağışladı. Hərəsində öz əliylə yazılmış işıq dolu ümid. Moskvada nəşr olunacaq ilk kitabına da ön sözü yazdı.

Rəsul Rza Sabir poeziya günləri komitəsinin sədri idi. Hər il mayın 30-da yığışıb Şamaxıya gedərdik. Onda hər il "Sabir poeziya günləri" almanaxı nəşr olunardı. Üstündə Azərbaycan xəritəsi çəkilmiş bu kitabı səbirsizliklə gözləyirdik. Poeziya günlərinin afışası da, dəvətnaməsi də Azərbaycan xəritəsi idi. Bir soruşan yox idi niyə xəritə? Sabir Azərbaycanı birləşdirirdi. Kənd-kənd, şəhər-şəhər gəzirdi Ana yurdu.


'''Qeyrət, a vətəndaşlar,
Hümmət, a vətəndaşlar".


Rəsul Rza bilirdi ki, Vətən bölünməzdir...

... Müharibə vaxtı mənə coğrafıya dərsi verən Mina müəllimi xatırlayıram. O, bizə Azərbaycan sərhədlərinin konturunu lövhədə gözüyumulu çəkməyi öyrətmişdi. Ana yurdu bütöv görmək ulu babalarımızdan vəsiyyətdir bizə.

Şair ömrü doğrudan da bir çinar ömrüdür. Özü də bir çinar yox. Haçansa "Yeddi çinar şairinə" adlı bir şer yazmışdım:


"Yeddi çinarın biri özü
Altısı şeri, sözü.
Yeddi çinarın
Yarpağı sarı"


Torpağı məhəbbət olub bu çinarların, uğuru səadət. Rişələri bayatılardan su içib budaqları ağır. Köklərİ Dədə Qorqud əsrində, zirvələri gələcəyə baxır. Yarpaqları gördüklərini danışıb bizə: ağa ağ deyiblər, qaraya qara, yaza yaz, payıza payız. Biz də baxıb düzlük öyrənmişik.

O yeddi çinarın biri ulu şairlərimizin adları ilə şaxələnib. O çinarın şah büdağı Nəsimi soyulanda qaralıb, bir budağı Füzuli ahından saralıb, bir budağı Sabirə qədir ağacı, bir yarpağı şirin, bir yarpağı acı.

Yenə yaddaşımda oyanmış bir neçə sətir. Rəsul Rza özünün 70 illiyi ərəfəsində mənim 50 yaşının qeydinə qalırdı. Öz yubileyini ləngitdilər. Bilə-biləmi, bilməyə-bilməyəmi, bilmirəm.

Yeddi çinarın biri 1418 günün salnaməsidir. Qolu-budağı sındırılmış, pərişan saçlı abidə-çinar.

O yeddi çinarın biri başdan-başa eyham, rəmz və atmacadır. Ezop dilidir. Şair razı qalıb Ezopdan. Ezop zəhmət çəkib özünə dil düzəldib. Bizi də qurtarıb əzabdan.

Bir çinarı yeddi rəngə bölünüb, iqlim-iqlim gəzib dolanıb dünyanı. Vətəndən başqa cənnət görməyib. Qürbətin soyuğunda üşüdüb bizi.

Nə qədər ki, torpaq var, nə qədər ki, bu torpaqda Azərbaycan var, nə qədər ki, Azərbaycanda — Göyçayda, Gəncədə, Şuşada, Şəkidə, Şamaxıda, Kəlbəcərdə, Qazaxda, Ordubadda, Astarada çınar var, deməli Rəsul Rza da var.

Şair ürəyi 20 yanvara dözərdimi görən?

Yaxşılıq unudulmur.

Bu yaxşılığı istər insan eləsin, istər çinar!

Bakı —1990

 

 

 
     
 

Layihənin iştirakçıları