Rəsul Rza haqqında məqalələr, çıxışlar
|
Məmməd Arif “Vəfa” |
Hərbi xəstəxanadan yenicə çıxmış
kapitan Bahadır vağzalda öz arvadı Vəfanı
səbrsizliklə gözləyir. Vəfa öz sevgili
ərinin görüşünə gəlməlidir.
Lakin Vəfa gecikir. Bahadırın intizarı şübhəyə
çevrilir. O, hələ yaralı ikən arvadına
məktublar yazdığını xatırlayır.
Şikəst bir adamla yaşamağın gənc
bir qadın üçün çox da sevindirici olmadığını
düşünür. Vəfa isə hələ
də gəlmir. Bahadırın şübhəsi
getdikcə artır, onun "sınağı" öz
nəticəsini verir. O, "vəfasızlıqla" üz-üzə
gəldiyinə, məhəbbət qapılarının
üzünə bağlandığına inanaraq
yenə də qatarla geriyə — cəbhəyə
qayıdır.
Əzizbəyov adına ADDT-da bu günlərdə
tamaşaya qoyulan "Vəfa" dramasının ilk səhnəsi
aldadırılaraq ərinin görüşünə
gecikmiş Vəfanın peşimançılıq
nidaları ilə bitir.
Müqəddəs vətən uğrunda
canını və qanını əsirgəməyən
fədakar döyüşçü, hansı rütbəyə
malik olursa-olsun, nə cür cəbhə və döyüş
şəraitində yaşayırsa-yaşasın
o, gözəgörünməz möhkəm tellərlə
cəbhə arxasına bağlıdır. Onum ürəyinin
böyük bir hissəsi, uğrunda qan tökdüyü
vətən, ailə, ata-ana və sevgili üçün
döyünür. Döyüşçü öz
ata-anasından, öz arvadından, qızından
sevindirici məktub alarkən, böyük vətən
qalasının sarsılmazlığına inandığı
kimi, məhəbbət, vəfa və namus qalasının
da sarsılmazlığına, tökülən
qanların hədər getmədiyinə inanır.
Vəfalı arvad cəbhəçinin ən yaxşı
döyüş yoldaşıdır.
Rəsul Rzanın ilk draması olan "Vəfa"
bu böyük həqiqəti bizə bir daha xatırladır.
Bu həqiqəti çox mürəkkəb və
müharibənin çətinlikləri ilə əlaqədar
olan bir şəraitlə təsvir edən müəllif
öz dramasının əsas intriqa xəttini Bahadırın
şübhələri əsasında qurmuşdur.
Kapitan Bahadırla Vəfa arasındakı məhəbbət
VƏ səmimiyyət çox təmiz və möhkəm
olduğu halda, Minnetov kimi vətən xainləri
öz çirkin əlləri ilə bunu ləkələməyə
və sarsıtmağa çalışırlar.
Müəllif drammanın baş qəbrəmanı
olan Bahadır əsərin əsas hərəkətverici
bir obrazına çevirmişdir, Bahadır sevən
və həssas bir adamdır. Geniş hiss və
həyəcana malik olan bu geniş qəlbli qəhrəman
Vəfanın “Vəfasızlığını”
bir faciə kimi yaşayır. Bahadır bütün
şübhələrinə baxmayaraq, yenə də
Vəfanı sevir və bir an belə olsun onu xəyalından
çıxarmır. Bahadır Xasayla bərabər,
düşmənin qüvvətli hücumuna qarşı
durarkən Vəfa haqqında verdiyi suallara Xasaydan
müsbət cavablar aldıqca həvəslənir,
qüvvət və cəsarəti birə on artır.
Vəfanı itirmək fikri onun iztirablarını,
tapmaq fikri isə sevincini artırır. Məhəbbət
və vəfa onun üçün dərin bir ehtiyaca
çevrilmiş yüksək və əzəmətli
hisslərdir. O, axıra qədər bu hisslərlə
yaşayır, mübarizə aparır və qalib
gəlir.
Rəsul Rza "Vəfa" əsərində
bir çox maraqlı obraz və səhnələr
yarada bilmişdir. Xüsusilə yadda qalan və
diqqəti cəlb edən, tamaşaçılara
böyük təsir bağışlayan səhnələr
Azərbaycan xalqının qəhrəmanlıq
döyüşlərini əks etdirən səhnələrdir.
Bu səhnələrdə serjant Xasay Bahadırla
çiyin-çiyinə mübarizə aparır və
yaralı halda faşistlərə əsir düşərkən
belə böyük bir mətanət və mərdlik
göstərir. Rəsul Rza müharibə günlərində
yazdığı vətənpərvər şerləri,
canlı qəhrəmanlıq epizodları və
hekayələri ilə oxucularımıza çox
yaxşı tanışdır. O, xalqımızın
vətən müharibəsi döyüşlərindəki
qəhrəmanlıqlarını təsvir edərkən
inandırıcı, bədii obrazlar yarada bilir və
yaratmışdır. Serjant Xasay bu qəhrəmanlığın
-ümumiləşdirilmiş, gözəl bir timsalıdır.
Xasay öz iradəsi və mənəvi möhkemliyi
ilə alçaq faşist cəlladlarına qalib gəlir,
əyilmir, dözülməz işgəncələrdən
inildəmir, ölüm dəqiqələrində
belə vətənə olan sonsuz məhəbbət
və sədaqətini ifadə edən təşəbbüskarlığını
itirmir. Onun Bahadırla son vidalaşması əsərin
unudulmaz, dərin həyəcan doğuran müvəffəqiyyətli
səhnələrindəndir.
Xasayın anası Ülkər xala Azərbaycan
qadınlığının təmiz ruhunu, saf xalq
hikmətini, onun geniş və mətanətli qəlbini
ifadə edən canlı bir obrazdır.
"Vəfa" dramasında əsas yeri qəhrəmanların
daxili hiss və həyəcanları ilə birlikdə
cəbhə ilə arxanın böyük səhnələri,
uzaq arxadakı həyat və məişət səhnələrinin
təsviri tutur. Biz burada, cəbhə ILƏ arxanın,
hətta bir-birindən çox uzaq olduğu zaman belə
bağlı olduğunu, bir hava ilə tənəffüs
etdiyini görürük. Biz burada hadisələrin
fonunda Azərbaycan xalqının ən gözəl
xüsusiyyətlərindən olan etibar və vəfa
hissinin böyük əzəmət və qüdrətini
görürük.
Əsərin belə iki planda verilməsi,
heç şübhəsiz, bir sıra kompozisiya və
quruluş çətinliklərinə səbəb
olmuşdur. Eyni adamların gah cəbhədə,
gah arxada görünməsi, məktubla əlaqə
yaradılması və bəzən kiçicik bir
əlaqə və rabitə üçün böyük
bir şəklə yer verilməsi, bəzi obrazların
tamamlanmaması hallarına baxmayaraq, əsərdə
möhkəm bir ideya və bədii vəhdət
vardır. Bütün hadisələr vətənə
sonsuz sədaqət, düşmənə qızğm
nifrət ideyası ətrafında birləşir,
“Vəfa”nın əsas ictimai-bədii əhəmiyyəti
də bundadır.
Lakin əsərin hər yeri eyni dərəcədə
nüvəffəqiyyətli deyildir. Xüsusilə
müsbət obrazlardan İntizarın və Muğan
müəllimin bədii cəhətdən az işləndiyi
hiss olunur. Şairə İntizar, sağlam düşüncəli,
həssas və möhkəm iradəli bir adamdan
artıq xəstə əhval-ruhiyyəli və qəribə
bir adamdır. O, şairə deyil, bir aşiqdir və
onun faciəsi də öz eşqini ürəyində
gizli saxlamasındadır. İntizarın könüllü
olaraq cəbhəyə getməsi və "hanı
mənim ulduzum?" — deyə sayıqlayaraq fədakar
bir qəhrəman kimi məhv olması təsirli
olduğu qədər də, dumanlı və anlaşılmazdır.
Muğan müəllim namuslu bir sovet ziyalısı
obrazıdır, daha doğrusu, müəllifin fikrincə
belə olmalıdır. Lakin Muğan belə çıxmamışdır.
O, təcrübəli və namuslu bir alimdən çox
deyingən bir qocanı xatırladır. İstər
elmi işçi hazırlığındakı və
istərsə bostançılıqdakı nöqsanlardan
danışarkən dediyi ağıllı sözlər
ümumi dialoq içərisində məntiqi bir yer
tuta bilmir.
Əsərin quruluşu üzərində
çalışmış teatrın bədii rəhbəri
Adil İskəndərov və rejissor Ə.Şərifov
yoldaşların müvəffəqiyyətli yaradıcılıq
işleri aydın hiss edilməkdədir. "Vəfa"
təsirli, maraqlı və vətənpərvərlik
ruhu ifadə edən bir tamaşadır. Lakin. rejissorlar
bəzən müəllifə güzəştə
getməklə bədii səhnə təsirini zəiflədən
hallara yol vermişlər. Bunu dialoqlardakı təkrarlarda
və qənaətsizliklə işlənmiş
uzun yerlərdə (İntizarın fəryadları,
Bahadırın xəstəxanadakı sayıqlamaları
və sairə) daha tez gözə çarpır.
Artistlərin oyununa gəlincə Bahadır
rolunda Rza Əfqanlının, Vəfa rolunda Hökümə
Qurbanovanın, Ülkər xala rolunda Mərziyə
xanımın, Xasay rolunda Mövsüm Sənaninin
canlı və ehtiraslı oyunu qeyd edilməlidir.
Hökümə Qurbanova məsuliyyətli rolu müvəffəqiyyətlə
ifa edir. Hiyləgər və ikiüzlü vəkil
Minnətov obrazını yaratmaq üçün
Ə.Ələkbərov təbii və inandırcı
vasitələr tapmışdır. Lakin onun ilk səhnədəki
şübhəli yerişi və danışığı
bir qədər münasibətsiz çıxır.
Vəsfıyyə rolunda Ə.Sultanova çox yaxşıdır.
Təəssüf etmək lazımdır ki, Vəsfiyyəni
çox asanlıqla "tərbiyələndirənlər”
bu obrazın bədii qiymətini əskiltmişlər.
Həmişə olduğu kimi N.Fətullayev
yenə də öz dərindən düşünülmüş
müvəffəqjyyətli bədii tərtibatı
ilə diqqəti cəlb edir. Döyüş səhnələrində
verilmiş zəngin və qanlı Qafqaz mənzərələri
xüsusilə təsirlidir. S.Rüstəmov lirik
və döyüşkən bir ruhda yazılmış
musiqisi ilə tamaşaçılarda xoş bir təsir
oyadır.
ADD Teatrı böyük vətən
müharibəsi günlərində müasir mövzuda
yazılmış bir sıra səhnə əsərlərini
bacarıqla tamaşaya qoyur və vətən müharibəsi
günlərindəki mədəni-tərbiyəvi
vezifəsini şərəflə yerinə yetirir.
Rəsul Rzanın "Vəfa" draması azərbaycanlıların
bilavasitə döyüşdə iştirakını,
misilsiz sədaqət və qəhrəmanlığını,
onların vətənpərvərliyini təsvir
etmək etibarilə o biri əsərlərdən
xeyli fərqlənir. Vətənə məhəbbət
və etibarı, arxa ilə cəbhənin birliyini,
sovet vətəndaşlarının gərgin hiss
və duyğularını, faşist qəsbkarlarına
qarşı tükənməz nifrətini ifadə
edən "Vəfa" həqiqətən teatrımızın
müvəffəqiyyətli müdafiə tamaşalarındandır.
"Kommunist" qəzeti, 18 may, 1943.