Xatirələr

 


Rəsul Rza haqqında
məqalələr, çıxışlar


Nazim Hikmət “Aydındır şerin dili...”

Varaqlar solğun, sarı,
Sətirlərdən neçəsi pozulub,
neçə-neçə varağın kənarı
illərin ağırlığına dözməyib
ovxalanıb toz olub.
Lakin
əsrlərdən keçib gələn
xəfif bir təbəssüm,
bir gilə göz yaşı,
arzular, ümidlər qalıb.
İnsan qəlbinin hərarəti,
insan fikrinin qüdrəti,
insan ətri dolu
sevinc qalıb,
kədər qalıb.


Mən bu sətirləri şair Rəsul Rzanın "Qəlbimdə bahar" adlı yeni kitabından götürmüşəm. Bu bənzərsiz şerləri türk dilinə çox-çox yaxın dildə — azərbaycanca oxuyanda səadətə qovuşdum.

Son vaxtlar sovet ədəbiyyatında, xüsusilə sovet poeziyasında azman bir irəliləyiş, inkişaf görünür, — bu, hamının qəbul elədiyi bir həqiqətin təkrarıdır. Ancaq adam bəyəndiyi, onu sevindirib həyəcanlandıran şeylər barəsində danışmaqdan özünü həmişə saxlaya bilmir.

Sənətdə ölməz gələnəyə — ənənəyə görə böyük çay daim axır, genişlənir, yeni qolları sayəsində azman çaya çevrilir. Bu yeni qollar, yeni axarlar çox vaxt yeni nəsil deməkdir. Ancaq həmişə yox.. Bəzən bu yeniliyi yetkin, təcrübəli soydan olan sənətkar gətirir. Rəsul Rzanın yaşı artıq əlliyə çatıb, buna görə onu cavan nəslin nümayəndəsi hesab etmək o qədər də düzgün deyil. Ancaq türklərdə bir məsəl var: ağıl yaşda deyil, başdadı. İndi bu məsəl çox yerinə düşür. Rəsul Rza elə şairlərdəndir ki, Azərbaycan deyil, bütün sovet poeziyası ənənəsinə novatorluq gətirib. Bugünkü şairlər — novatorlar rusca, litvaca, yaxud, azərbaycanca yazırlar, onlar ümumi dildən, milli xüsusiyyətdən çox, bir-birilə daha dərin tellərlə bağlıdırlar. Onlar bir yerdə yeni sovet poeziyası yaradırlar. Birgə yaradıcılıq onların fərdi və milli xüsusiyyətini öldürmür. Əksinə, hər bir sənətkar öz fərdi qollarıyla axıb böyük çayı doldurur.

Poeziyada novatorluq nə ilə ölçülür? Bu sorğuya təxminən belə cavab vermək olur, Poeziyanın zəngin forma və məzmunundakı yeni imkanlarla. Rəsul Rza da bu yeni imkanlara arxalanaraq yaradır. O, həmişə şerin dil elementini, ölçü, qafıyə elementini yeniləşdirir, zənginləşdirir. Özü də təkcə Azərbaycan deyil, bütün sovet poeziyasında. Məzmununa gəldikdə isə şairin yeni kitabından bir misal gətirmək istəyirəm. “Qızıl gül olmayaydı” poeması şəxsiyyətə pərəstiş dövründə bir insanın faciəli taleyindən bəhs edir. Poema 1960-cı ildə yazılıb. 1961-ci ildə isə dərc edilib, bu sovet ədəbiyyatında bu mövzuda ilkin yazilmış əsərlərdən biri olub, mövzu baxımından gərəkli və bizim hamımızı narahat edən məsələdir.

Rəsul Rza poeziyasının maraq və mövzu dairəsi genişdir, çoxçeşidlidir. Şair səmimi bir sevgiylə doğma Bakıya "şöhrətimin şəhəri", "Babamın ocağı" — deyə müraciət edir.

Ümidimin, arzuımun,
sevincimin şəhəri
Anadan kim doyub, kim.
Bakım!
Əzizim, gözüm, anam!
Sən boy atırsan,
mən bəxtiyaram.
Sən varsan,
Mən də varam!


"Yeni mənzildəki" balaca Xumarın səadəti haqqındakı lirik, isti sətirlər hər bir oxucunu həyəcanlandınr.

Sevinc üç otaq dolusu,
işıq yeddi pəncərə.


Şair adi günləri elə təsvir edir ki, onun poeziyasında hər yan gur işığa qərq olur. Şair — səadət axtarandır. O, həyatındakı, bizim ömrümüzdəki xoşbəxtliyi axtarıb üzə çıxarır. Rəsul Rzanın sevib qələmə aldığı insanlar tikintilərdə çalışan sadə əmək adamları, Bakı neftçiləridir.

Rəsul Rza filosofdur. "İki buruğun söhbəti" şeri ilk baxışda olduqca sadə və adi görünür. Ancaq onlar haqqında, həyat, nəsillər, gələcək lıaqqında və onların cavabdehliyi barədə nə qədər gözəl deyilmişdir.

Ola bilsin Rəsul Rzanın şerlərini bəzi oxucular bəyənməsin. Mənim onlara sözüm yoxdur. Şair özü bu oxuculara deyir: Aydındır şerin dili,
istəyirsən sevincdən,
istəyirsən qəmdən yaz.
Elə aydındır bu dil,
Nadan yüz yol oxusun,
Yenə bir şey anlamaz.
"İzvestiya" qəzeti, 1963.

 

 

 
     
 

Layihənin iştirakçıları