Rəsul Rza haqqında məqalələr, çıxışlar
|
Bayram Bayramov “Daha irəliyə, daha yüksəklərə”
|
Şer, sənət həyatın özü
kimi, qalaktika kimi həm sadə, həm də çox
mürəkkəb bir dünyadır. Təngnəfəs
qoca yoxuşu sevmədiyinə görə alpinist
ola bilməz, bu, o demək deyil ki, alpinistlik pis peşədir.
Gənclik isə oturaqlığı, hamarlığı,
quymaq yumşaqlığını sevməz, səhra
maniəsizliyi onu darıxdırar. Hamarlıq, düzənlik
olmasa idi, dağlar da görünməzdi, yekneseklikdən
adamın bağrı çatlayardı.
Görkəmli xalq şairi Rəsul Rzanın
yaradıcılığına bu mövqedən
baxanda, mənzərə daha aydınlaşır,
qürur hissi ilə deyə bilərik ki, şerimizdə
irəliyə çağırış, nəzəri
kəşf olunmamışlara doğru yönəltmək,
hələ "balaca" görünənlərə diqqəti
cəlb eləmək meyli vardır, həm də
güclüdür. Təbiətimiz qədər
zəngin olan şer dünyamızda Rəsul Rza
yaradıcılığı çox aydm seçilən,
orijinal bir çeşiddir. Elə çeşid ki,
əlvanlığı, təzəliyi, dərinliyi
ilə, öz çalarları ilə yenidir.
İctimai, siyasi fəallıq Rəsulun
yaradıcılığında ilk şerindən
başlamış, axıra qədər getdikcə
aşkarlaşan, dolğunlaşan bir keyfiyyət
kimi özünü parlaq surətdə büruzə
verir. Rəsul Rza şeri Füzuli, Sabir dühasından
bəhrələnmişdir.
Rəsul Rza düşünməyi və
düşündürməyi sevir, həm də
çalışır ki, hər söz özünün,
hər fıkir özünün olsun. Çalışır
ki, hər təzə şerinin özü də
təzə olsun, əvvəlkinə bənzəməsin,
yəni Rəsul Rza şeri olsun!
Küləklər xəbər verir
gecənin kədərindən,
Buludlar axır gəlir
yağacaq gildir-gildir.
Lermontov da deyiləm,
Bayron da deyiləm mən
Nə olsun ki, onlar da
Rəsul Rza deyildir.
Lakin heç vaxt, heç bir münasibətlə o,
şer babalarını unutmur, onların həvəsi
olmaqla fəxr edir, səcdədən də çəkinmir.
Rəsul Rza bilir ki, o, böyük Azərbaycan şer
qalaktikasının iri, parlaq ulduzlarından biridir.
Məhz bu qalaktikanın övladıdır. Oxumaq,
öyrənmək, dünya sənətinin nümunələrini
araşdırmaq, dünyanın şer-sənət
nəfəsini duymaq həmişə əsl sənətkarın
yaradıcılıq yolunu işıqlandırmışdır.
Qeyrisinin nə elədiyini, kəşflərini öyrənib-bilməyən
qələm sahibi öz piyində qovrular, dünyadan
bixəbər qalar!
Rəsul Rzanın şer-sənət
mürşidləri: Nizami, Xaqani, Nəsimi, Füzuli,
Mirzə Fətəli, Vaqif, Sabir, Mirzə Cəlil
və qeyriləri də arxasını öz varlığına
söykəyib, həm də öyrənməklə,
dünyanın yüksəkliyinə baxmaqla zirvələri
fəth edə bilmişlər. Rəsul Rza yaradıcılığında
dünən var, bu gün boldur, sabah da az deyildir.
Sabaha baxmaq, sabahla yaşamaq əsl sənətkarın
üzərinə xalqının, sənətinin,
zamanının qoyduğu vəzifədir. Sovet ədəbiyyatının,
sovet cəmiyyəti tərəqqisinin qoyduğu
vəzifədir. Rəsul Rza ağıllı şairdir.
Bu isə kiçik məziyyət deyildir. Ağıl,
elm, bilik, yüksəliş dünyasında qeyri-cür
olmaq zəiflik göstəricisidir. Rəsul Rza novatorluğunu
"sərbəst" şerdə yox, sərbəst bədii
idrakda görmək lazımdır: cəsarətin
sərbəstliyində axtarmaq lazımdır. Rəsul
Rzanın yaradıcılığında sözün
bədii mənasında nasiranə dəqiqlik, genişlik,
vəzn və ölçü hüdudsuzluğu vardır.
Bu, onun üslubunda tutduğuna görə heç
şübhəsiz, onun yaradıcılığını
müdrikləşdirir, fikrinə vüsət verir,
daha yüksək, iri addımlarla aparır.
Təsadüfi deyildir ki, Rəsul Rza öz
Vətəni ilə birlikdə dünyanı da dolanan,
dünyada məşhur olan şairlərdəndir.
Burada bir mötərizə açmaq istəyirəm.
Bədii yaradıcılığa qiymət verəndə
müxtəlif fikirlər meydana gəlir: "Çox
yazmaq, çox oxumaq yeganə meyar deyil!". "Çox ölkədə
məşhur olmaq da əsas şərt hesab edilmir",
"Sərbəstlik və yaxud qafıyənin müğəyyəd
olması da məsələni biryolluq həll eləmir!",
"Ağıllılıq, filosofluq, fikir dərinliyi
ən çox elmə aiddir! Əlbəttə, sənəti
də bunlardan məhrum eləmək olmaz!", "Asan
oxunmaq, əzbərlənmək, hamının dərhal
anlamağı da vahid ölçü deyildir!". Yalnız,
ayrı-ayrı adamlar oxuyurlarsa, şer çətin
əzbərlənirsə, üzərində baş
sındırmalı olursansa onun ən yaxşı
əsər olmağını iddia etmək çətindir!
"Ənənəyə sadiq qalmaq lazımdır",
"Novator sənət həmişə aparıcı
olmuşdur" və s.
Xüsusən şerin ölçü-çəki
vahidinin elastik olduğunu nəzərə almaqla,
qiymətlərin hər birinə əsasən müvafıq
gələn əsərin müəllifi əsl sənət
sahibi sayılarsa, yubilyarımız heç şübhəsiz
xoşbəxtlərdəndir.
Qırxdan yuxarı kitabın müəllifi,
görkəmli sovet şairi, dünyanın bir çox
xalqlarının dilində hərarətlə səslənən
çoxlu əsərlər yaratmış Rəsul
Rza əlli yaşı tamam olanda qocalığı
boynuna almaq istədi, lakin ona qoca deyən olmadı,
əlli beşi keçəndə də belə bir
təşəbbüs göstərdi, yenə qoca
çağıran olmadı, altmışda da belə
fikrə düşsə, yenə baş tutmayacaqdır.
Təzətər, həmişəcavan poeziyası
onu hələ uzun müddət cavan saxlayacaqdır.
Istər saqqallı olsun, istər saqqalsız.