Rəsul Rza haqqında məqalələr, çıxışlar
|
Tofiq Quliyev “Səni sevdirən nədir?” |
Dostum Rəsul, indi sənin anadan olduğun
gündən 50 il keçir. Belə bir gündə
səni təbrik etmək, sənə uzun ömür
və can sağlığı arzulamaq təbii bir
şeydir.
Sən şairsən, daha yaxşı
bilirsən ki dostluq, yoldaşlıq hissləri səmimiyyətdən
irəli gəlir, ona görə də mən səni
nə üçün sevdiyimi, sənə nə
üçün bu qədər bağlı olduğumu
heç bir zaman özümə sual verməmişdim.
Lakin bu gün səni düşünərkən
özüm-özümdən soruşdum: "Mən
səni nə üçün özümə bu
qədər əziz və yaxın bilirəm?".
Ona görəmi ki, sən bir insan olaraq
çox cəsarətli, qeyrətli, səmimi və
mehribansan, bir dost olaraq sadiq və dönməzsən,
bir vətəndaş olaraq müstəqim və
zəhmətsevənsən, bir şair olaraq istedadlı
və yenilik carçısısan? Mən hiss etdim
ki, səni sevdiyim bu və ya digər məziyyətinə
görə deyil, ona görədir ki, sən yeni
həyat, yeni insan, yeni sənət uğrunda mübarizəmizdə
çox zaman bizə bir nümunə, bir arxa, bir köməksən.
Deyirlər ki, istedadın gözəl
keyfıyyətlərindən biri onun böyük
və faydalı işə xidmət etməsi, onun
cazibə qüvvəsi, başqaları üçün
örnək ola bilməsidir. Mən xoşbəxtəm
ki, dostum Rəsul Rzanın şair qəlbi, odlu nəfəsi,
məğrur təbiəti məhz belə cazibəli
və təsirlidir.