70 yaşınız mübarək olsun!
Mənə elə gəlir ki ömrün onillikləri,
yəni 50, 60, 70, 80 və s. həyat yolunun böyük
duracaqlarıdır. Yəqin elə buna görə
də xalq öz sevimli adamlarının yubiley bayramlarını
məhz bu illərdə keçirir.
Yubileylərini bayram kimi keçirdiyimiz
bu şəxsiyyətlər isə yəqin ki, ömrün
bu böyük duracaqlarında dayanıb dərindən
nəfəs alır, keçib gəldiyi yollara baxır,
keçəcəyi yolları, aşırımları
fikrində nizamlayır, xalqa verdiyini və bundan
sonra vermək istədiyini düşünür,
daşınır. Həmişə özünü
xalqa borclu bilənlərin borcu heç zaman tükənmir.
Mən sizi həmişə belə görmüş,
belə tanımışam. Sənətin sonu yoxdur.
Sənət yollarında zirvədən
zirvə doğur. Bu yolda addımlayanlar üçün
bu günün zirvəsi sabahın pilləsidir.
Buna görə də siz heç zaman çatdığınız
zirvəni zirvə bilməmiş, daha böyük
üfüqlərə can atmış, durduğunuz
zirvədən yuxarılara baxmısınız,
çünki siz həmişə böyük amallarla
yaşamış, xırda hisslərdən uzaq olmuş,
"sözün cəng cidalında" saç ağartmış,
sənət eşqi ilə yazıb-yaratmışsınız.
Mən sizi həmişə belə görmüş,
belə tanımışam.
Sənətkarın dəyəri onun
yaşı ilə deyil, işi ilə ölçülür.
70 illiyinizdə ilkini aldığınız Qızıl
ulduz gözlərinizdən kağızlara çilədiyiniz
arzularla dolu işığın toplusudur. Bu münasibətlə
də Sizi təbrik edirəm, əziz qardaşım.
Sənət aləmində siz heç
kəsi təkrarlamamış, həmişə
öz yolunuzu gedib, öz qəlbinizin kökündə
yalnız öz mahnınızı oxumusunuz.Sənətkar
üçün bundan böyük üstünlük
tanımıram. Bəlkə də bu ölçü
təkcə sənətkarlığm deyil, həm
də insanlığın ən dəqiq ölçüsüdür.
Külək qabağında əsən otlar kimi
başını gah o tərəfə, gah bu tərəfə
əyənlərdən fərqli olaraq böyük
şəxsiyyətlər hansı şəraitə
düşür düşsün həmişə
öz mənliyini, öz sifətini qoruyub saxlamış,
axıra qədər inanıb tapındığı
yolla getmişlər. Mən həmişə sizi
belə görmüş, belə də tanımışam.
Siz sənətin fədaisi olmuş, həmişə
sənət çırağının oduna yanmış,
bu yanğından usanmamış, əksinə,
həzz almısınız. Sizə bundan sonra da
bu eşqlə yanmağı, oxucularınızı
yeni əsərlərin işığında dərin-dərin
düşündürməyi arzu edirəm.