Xatirələr

 


Rəsul Rza haqqında
məqalələr, çıxışlar


Abbas Zamanov "Hər ulduzun yeri var”

"Şairəm, əsrimin ainəsiyəm", — bu misranı Sabir özü barəsində yazmışdır. Lakin həmin sözlər eyni zamanda dahi şairin sənətin yüksək vəzifəsi, müqəddəs amalı haqqında xələflərinə vəsiyyətidir. Ömrünün 70 yaşına çatmış xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın uğurlu yaradıcılıq taleyi, yaşadığı zamanın ictimai-siyasi hadisələrini, bədii bioqrafıyasını kommunist şair ilhamı ilə vəsf edən zəngin poeziyası buna ən yaxşı misaldır.

Əlli illik yaradıcılıq yolu — beşilliklərdən, sosializm quruculuğunda gedən döyüşlərdən, əsrin səsinə səs verən yeni ədəbiyyat uğrunda mübarizə aparanların sıx sıralarından, Böyük Vətən müharibəsi cəbhələrindən, sülh və əmin-amanlıq arzusu ilə çırpınan milyon-milyon ürəkdən keçən şair Rəsul Rza həmişə həyatla birlikdə addımlamış, sosialist varlığından öyrənmiş və öyrəndiklərini şer dilinə çevirərək oxucularına da öyrətmişdir.

Rəsul Rzanın 30-cu illərin başlanğıcında qələmə aldığı ilk şerlərindən birində oxuyuruq:


Mübarizə bu gün də var,
yarın da,
Mən də onun ən ön
sıralarında


Yenilik ilə köhnəliyin əlbəyaxa olub ölüm-dirim mübarizəsi apardığı bir zamanda yazılmış bu misralar gənc şairin həyat manifesti idi ki, o bütün yaradıcılığı boyu bu manifestə sadiq qalmış, döyüşkən bir şair, həmişə axtaran bir novator kimi şöhrət tapmışdır.

Rəsul Rza heç vaxt həyatın sadəcə müşahidəçisi, hadisələrin "bitərəf nazimi" olmamışdır. Rəsul həmişə həyatın inkişaf istiqamətlərini qabaqlamış, onlara müdaxilə etmiş, oxucularına gələcəkdən xəbər vermişdir. Bu xüsusiyyətlərinə görə o, poeziyamızın tarixinə mütəfəkkir bir şair kimi daxil olmuşdur.

Ədəbiyyatların tarixindən tanıdığımız bütün həqiqi novatorlar kimi, Rəsul Rza da klassik irsə bağlı sənətkardır. Rəsul poeziyasında Nizamidən gələn fəlsəfi bir duz, Nəsimidən gələn qeyrət, Füzulidən gələn insani sevgi, Sabirdən gələn öldürücü gülüş və nifrət vardır. Rəsul Rza poeziyasında Vaqif şuxluğu, Vidadi kədəri, Hadi narahatlığı vardır. Rəsul Rza klassik poeziyamızın gözəl ənənələrini davam və inkişaf etdirən əməlpərvər söz ustasıdır. Rəsul Rza sosializm ideyalarının həqiqətə çevrildiyi sovet dövrünü tərənnüm edən bugünkü poeziyamızın canlı klassikidir.

 

 

 
     
 

Layihənin iştirakçıları