Xatirələr

 


Rəsul Rza haqqında
məqalələr, çıxışlar


Sabit Rəhman “Mənim şair dostum” (Şair haqqında nasir sözü)

Şer ve şair haqqında yazmaq çox çətindir. Musiqi kimi şer də ürəklərdə elə qəribə hisslər yaranmasına, elə titrəyişlər əmələ gəlməsinə səbəb olur ki, bunu sözlə təsvir etmək mümkün deyil. Şerin valehedici xüsusiyyətlərini açıb şərh etmək, ürəkləri, hissləri bu qədər tez fəth etməsinin sirlərini söyləmək yenə də şer vasitəsilə daha gözəl olar. Heyf ki, mən şair deyiləm. Odur ki, saçlarına əlli ilin çiçəkləri səpələnməyə başlayan şair dostum Rəsul Rza haqqında mən bir neçə kəlmə nasir sözü söyləmək istəyirəm.

Fikrim məni istər-istəməz uzaqlara, ilk tanışlıq günlərinə aparıb çıxarır. 0 illər — otuz il bundan qabaq — ədəbi Bakı istedadlı gəncləri bir maqnit kimi özünə çəkirdi. Qəzet və jurnal səhifələrində hər gün yeni bir ada rast gəlmək olurdu. Şerlə, ədəbiyyatla təsadüfən məşğul olanlar, pul və şöhrət xatirinə qafıyə düzənlər ədəbiyyat tufanlarının birində məhv olub gedirdilər. Əsl mənada şairlər isə bütün keşməkeşlərdən keçir, gündən-günə təcrübələnir, püxtələşir və senin gözünün qabağındaca məşhurlaşırdılar.

Bir də görürdün ki, bir-iki il bundan qabaq kənddən, rayondan yenicə gəlib Bakının küçələrində döyükə-döyükə gəzən, heç kəsi tanımayan və heç kəs tərəfindən tanınmayan bir gənc indi barmaqla göstərilir. Şer oxumaq üçün səhnəyə çıxanda gül və alqışlarla qarşılanır.

Belə gənclərdən biri də Rəsul Rza idi. Mən ona ilk dəfə "Gənc işçi" redaksiyasında rast gəldim. Pərişansaçlı, göygöz, göyçək bir oğlan idi. Uzaqdan forslu görünürdü, ancaq yaxından tanış olub gördüm yox, sadədir, səmimidir, əsl xalqın oğludur, fikri, məqsədi aydın, ürəyi şairanə hisslərlə doludur. Bir anda dostlaşdıq. İndi budur o gündən otuz il keçib, bu dostluğa bir dəfə də olsun ləkə düşməyib.

Rəsul Rza həyata, həyati hadisələrə şerin gözüylə baxmağı bacaran, ən adi hadisələri böyük şeriyyətlə təsvir etməyə qadir olan bir şairdir. O, novatordur, öz oxucusuna hər şerində yeni söz deyir, yeni fıkir aşılayır.

O, ədəbiyyatda atdığı ilk addımdan özünə orijinal yol seçdi, heç kəsi təkrar etmədi. Təzə fıkirlərinə, təzə sözlərinə, "qırıq misralarına" açılan atəşlərə böyük cəsarətlə sinə gərdi.

Rəsul həyata nikbin baxan, qəmgin, bayağı hisslərə uymayan, qələmə aldığı mövzunu yüksək partiyalılıq nöqteyi-nəzərindən həll edən bir şairdir.

Lirik əsərlər yaradanda da şairin gözü arxada qalmamış, deyilmiş, dəfələrlə təkrar olunmuş şair sözünü yeni qəlibə salaraq oxuculara təqdim eləməmişdir. O, burada da orijinal və novatordur.

Rəsııl Rza, yaradıcılığının ilk dövründən mübariz olmuşdur. Böyük Vətən Müharibəsinin ilk günlərində bu mübariz şair öz qələmini silah kimi işlətməyə başladı. Onun cəbhələrdən yazdığı şerler, oçerklər, məqalələr düşmənə atılan yaylım atəşini xatırladırdı. Bu əsərlərdə bir vətənpərvər və kommunist ürəyi çırpınırdı.

Yüksək şeriyyət Rəsul Rzanın dramaturgiyasında da hiss olunur. O burada dramaturqdan çox şairdir. Səhnə qanunlarına riayət etmir, səhnənin çərçivəsində yerləşmir, şairanə vüsətlə qanad açıb uçmaq istəyir. Mən Rəsuhun bu hərəkətinə bəraət qazandırıram. Çünki nə qədər novator olursan ol, səhnənin qanun-qaydalarına tabe olmalısan. Ancaq eyni zamanda bilirəm ki, ayrı cürə də mümkün deyil, bu onun orijinal şair qələminin şerdə açdığı yolun davamıdır. Həm "Qocalar" ssenarisində, həm də "Vəfa" və "Qardaşlar" pyeslərində bu şairanəlik birinci növbədə özünü hiss etdirir.

Rəsul Rza yaradıcılığının ən çiçəkli dövrünü yaşayır. Bütün oxucular kimi, mən də ondan yeni poemalar, şerlər gözləyirəm.

Hamımız bütün sovet edəbiyyatının təntənəsi naminə yaradaq və partiyanın, xalqın tələblərinə cavab verək. Bir yerdə, əl-ələ, sevərək vəsevilərək...

 

 

 
     
 

Layihənin iştirakçıları